Logo

AMEA-nın Rəyasət Heyəti aparatının şöbə rəhbərləri ilə müşavirə keçirilib

24.01.2023 18:46 58 baxış
IMG

Yanvarın 23-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Rəyasət Heyəti aparatının şöbələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

AMEA-dan "Tehsil.biz"ə verilən məlumata görə, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti aparatında struktur islahatlarının əsasən başa çatdığını qeyd edərək artıq yeniləşmə prosesləri mərhələsində olan Akademiyada müasir çağırışlar işığında yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Yeni təyin olunmuş şöbə müdirlərinin AMEA-da çalışan gənc mütəxəssislər və istedadlı elm adamları içərisindən seçildiyini diqqətə çatdıran Akademiya rəhbəri struktur vahidləri qarşısında duran əsas vəzifələrdən danışıb, Rəyasət Heyətində fəaliyyət göstərən qurumların qarşılıqlı əlaqələrinin əhəmiyyətini nəzərə çatdırıb. Akademiyada genişmiqyaslı islahatların həyata keçirilməsi, elm və təhsilin qarşılıqlı inteqrasiyası, elmi diasporla işin təşkili, elmi informasiyaların operativliyi, elektron sənəd dövriyyəsinə keçid, müraciətlərə çevik reaksiya verilməsi və s. məsələlərin həyata keçirilməsində diqqətin artırılmasını tövsiyə edib.

Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Maliyyə və mühasibat şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Elektron Akademiya şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, Sənədlərlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, Təsərrüfat işlərinin təşkili şöbəsinin müdir müavini Coşqun Yəhyayev çıxış edərək müvafiq fəaliyyət sahələri üzrə təklif və mülahizələrini səsləndiriblər.

Sonda akademik İsa Həbibbəyli çıxış edərək yeniləşməkdə olan AMEA-nın Rəyasət Heyətində fəaliyyət göstərən şöbələrin əməkdaşlarının real inkişafa nail olmaq üçün bilik və bacarıqlarını səfərbər edəcəklərinə inamını ifadə edib.

Xəbər lenti