Logo

Bunun bir adı var – həyasızlıq...

25.01.2023 23:49 362 baxış
IMG

Ötən ilin dekabrında mətbuatda “Sona kimi sovet sevdalısı olan “Kommunist” qəzeti” başlıqlı bir məqalə ilə çıxış etmişdim. Həmin məqalədə 20 yanvar faciəsinə cəmi iki gün qalmış qəzetin Bakıda baş verən hadisələrə çox soyuq və biganə münasibət bəslədiyini qeyd etmişdim. Fikirləşirdim ki, qəzet yəqin 20 yanvar faciəsindən sonra bu biganəliyinə son qoyar. Amma yanılmışam. 

Qarşımda “Kommunist” qəzetinin 28 yanvar 1990-cı il tarixli sayı var. Hər məqaləni, informasiyanı, kiçik elanı belə diqqətlə oxuyuram.

Heç bir yazıda bircə cümlə də olsun bu faciəni törədən Sovet Ordusunun, əmri verən Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi Qorbaçovun, Moskvanın adı çəkilmir. Bütün cümlələr belə başlayır: “Yanvarın 20-nə keçən gecə baş verən faciə”. 

Qəzetin birinci səhifəsinin yuxarı hissəsində Azərbaycan KP MK-nın birinci katibi Ayaz Mütəllibovun 1990-cı il yanvarın 27-də respublika televiziyası ilə çıxışından bir parça verilib. Ölkə rəhbəri çıxışını belə tamamlayır ki, “tarixi həqiqət bundan ibarətdir ki, xalqımızın keçmiş olduğu çətin yolu - sosial tərəqqi və milli dirçəliş yolunu biz Kommunist Partiyasının rəhbərliyi altında keçmişik, bundan sonra da bu partiyanın bayrağı ətrafında daha sıx birləşməliyik!”

“Bakıda vəziyyət sabitləşir”, “Bakı şəhəri hərbi komendantının məlumat” başlıqlı yazılar Bakı şəhərinin komendantı general-leytenant Vladimir Dubinyakın adından həyasızcasına verilən yalan informasiyalardır. Məsələn, Bakı şəhər hərbi komendantının 27 yanvar 1990-cı il tarixli məlumatında deyilir: “Silah saxlamaq üstündə cinayət məsuliyyəti haqqında dəfələrlə xəbərdarlıq etdiyimə və onu təhvil vermək barəsində müraciətlərimə baxmayaraq, cinayət məqsədlərilə silah işlədilməkdədir. Bu il yanvarın 26-da saat 12.05 dəqiqədə Azərbaycan KP Nizami Rayon Komitəsinin binası qarşısında hərbi qulluqçular qrupuna atəş açılmış, nəticədə bir hərbi qulluqçu yaralanmışdır. Əsgərlər silah işlətməmişlər”.

Tamamilə yalan informasiyadır. Birincisi ona görə ki, 1988-ci il hadisələrindən sonra Moskvanın göstərişi ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin əməkdaşları əhalidə adi bir quşatan da qoymamışdılar, hamısını yığmışdılar. İkincisi, həyasızcasına “Əsgərlər silah işlətməmişlər” söyləyən Dubinyakın əsgərləri şəhidləri dəfn edən gün - yanvarın 22-də dinc əhaliyə güllə atmışdılar. Eyni hadisə yanvarın 26-ı və 27-də həm Bakıda, həm də rayonlarda azğınlaşmış sovet əsgərləri tərəfindən təkrarlanmışdı.        

Qəzetin fevral, mart, aprel aylarında çıxan bir necə sayını da gözdən keçirdim. Bu böyük faciədən sonra “Kommunist” hələ də “Lenin bayrağı altında - yenidənqurma yolu ilə” və yaxud “Humanist, demokratik - sovet dövləti” yazaraq sovet sevgisini bəyan edirdi. 

Çıxardığım qənaət: bunun bir adı var –, mənəviyyatsızlıq. Qəzetin bu aylarda çıxan saylarının da çapa imzalanmasına məsul şəxs qəzetin redaktor müavini R.M.Nağıyev olub. Məncə, əlavə şərhə ehtiyac yoxdur. Dahi Üzeyir bəy belə yerdə gözəl deyib: “İçimizdən təmizlənək!”. 

Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist

Xəbər lenti