Logo

ADU-da diplomat və şair Draqo Ştambukla görüş keçirilib - FOTO

26.01.2023 14:56 318 baxış
IMG

Yanvarın 26-da Azərbaycan Dillər Universitetində Xorvatiyalı diplomat və şair Draqo Ştambukla görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, ADU-nun rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla qonağı universitetdə görməkdə məmnun olduğunu bildirib.

Qeyd olunub ki, şeir və onun cazibəsi insan ruhunu qidalandıran əsas faktorlardan biridir. İnsan təbiəti anladıqca, təbiəti duyduqca daha da dərinləşir, müdrikləşir və hisslərini şeir formasında təcəssüm etməyə başlayır:

“Bu gün çox önəmli bir görüşün iştirakçılarıyıq. Mən inanıram ki, bu görüşdə iştirak edən hər kəs şeir dünyasının gözəlliyindən təsirlənəcək. Bu təsir uzun zaman yaddaşlarda qalacaq. Çünki söz canlıdır, söz insanın ruhunu qidalandırır. Səfir Draqo Ştambukun şair kimi yaradıcılığının əsas qayəsini insana sevgi, təbiətə sevgi, həyata sevgi ifadə edir. Bu da bizi insan və həyatla bağlı yeni düşüncə və yanaşmalarla tanış etmiş olur”.

ADU-nun Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli Draqo Ştambuk yaradıcılığında söhbət açıb. Qeyd olunub ki, şairin yaradıcılığı çoxşaxəli və aktual mövzularla zəngindir.

Draqo Ştambukun şeirlərini Azərbaycan dilinə tərcümə edən yazıçı, tərcüməçi İlqar Əlfioğlu tərcümə prosesi haqqında danışıb.

Qeyd olunub ki, tərcümə sənəti çox çətin və məsuliyyətli sahələrdən biridir.

ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fialə Abdullayeva tərcümə sahəsində olan bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb.

Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç tədbir təşkilatçılarına, universitet rəhbərliyinə və kollektivinə yaradılan şəraitə görə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, bu kimi görüşlər Azərbaycan Xorvatiya dostluq əlaqələrinin inkişafına öz töhfəsini verir.

Tələbələr Draqo Ştambukun  şeirlərini Azərbaycan dilində səsləndiriblər.

Tədbir tələbələrin sualları ilə davam edib.

Xəbər lenti