Logo

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin keçən il üzrə hesabatı dinlənilib

26.01.2023 15:54 152 baxış
IMG

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin 2022-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatı dinlənilib.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Tədbirdə Mərkəzin direktoru Nəcəf Quliyev bildirib ki, keçən il dövri nəşrlər üçün (jurnal, qəzet və s.) beynəlxalq nömrələmə sistemi olan ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) üzrə ölkəmizdə Milli Mərkəz funksiyalarını yerinə yetirən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinə hüquqi yardım göstərilib, 13 dərgiyə ISSN nömrə verilib, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəzarət markalarının verilməsi istiqamətində işlər davam etdirilib. Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilib, il ərzində 100 min 865 (yüz min səkkiz yüz altmış beş) ədəd nəzarət markası verilib. Bununla yanaşı, 2022-ci ildə keçirilən beynəlxalq idman yarışlarında milli komanda üzvlərimizin çıxışı zamanı onları müşayiət edən musiqilərin istifadə olunması üçün müəllif hüquqları sahiblərindən müvafiq Iisenziya alınması üçün onlarla əlaqə yaradılıb və razılıqları alınıb.

Beynəlxalq əməkdaşlıq sahəsində bir sıra xarici ölkələrinin kollektiv idarəetmə təşkilatları ilə əlaqələr genişləndirilib. Ötən il iyulun 22-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Bakıda keçirilmiş “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə kollektiv idarəetmə təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyadan olan kollektiv idarəetmə təşkilatları ilə birgə bəyanat imzalanıb.

Keçən il “Əqli Mülkiyyət” jurnalının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 850 illik yubileyinə, ölkəmizin 44 günlük Vətən müharibəsindəki Qələbəsinə həsr olunmuş nömrələri nəşr edilib. Bundan əlavə, coğrafi göstəricilərlə bağlı kitabçanın, sənaye nümunələri ilə bağlı məqalələr toplusu kitabının və Azərbaycanda patentin 30 illik yubileyinə həsr olunmuş kitabçaların nəşrə hazırlanması istiqamətində işlər aparılır.

Hesabat dinlənildikdən sonra Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Mərkəzin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Tədbirdə hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Mərkəzin hesabatı müsbət dəyərləndirilib.

Xəbər lenti