Logo

Doktorant və dissertantlar attestasiya olunub

26.01.2023 21:18 254 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimya” və “Neft kimya” ixtisasları üzrə təhsil alan və elmi tədqiqatla məşğul alan elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə əyani, qiyabi doktorant və dissertantların attestasiyası keçirilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, hər bir elmi tədqiqat müəssisəsinin əsas funksiyalarından biri də yüksək ixtisaslı kadr - elmlər və fəlsəfə doktoru hazırlığıdır. Ona görə elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla, təhsil aldıqları və ya çalışdıqları elmi müəssisənin elmi göstəricilərini yaxşılaşdırır, bütövlükdə isə ölkəyə və cəmiyyətə töhfə vermiş olur:”Ona görə elmi rəhbərlər istər dissertasiya mövzularının seçilməsində, istərsə də doktorant və dissertantın gələcəyin yüksək səviyyəli alimi, elmi mütəxəssisi kimi formalaşmasına məsuliyyətlə yanaşmalı, dünya elminin müasir çağırışlarını, elmi tədqiqatların multidissiplinarlığını nəzərə almalıdırlar”.

Attestasiyada elmlər doktoru hazırlığı üzrə 3 doktorant, 1 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 3 doktorant və 3 dissertant iştirak edib. Hər bir doktorant və dissertantın 2022-ci ildə gördükləri elmi işlərin qısa təqdimatı dinlənilib, onların konfranslarda iştirakı, nəşr olunan elmi əsərləri müzakirə edilib, suallar cavablandırılıb.

Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi tövsiyə olunub.

İclasda, həmçinin təhsilini başa vuran, lakin hələ müdafiə etməyən sabiq doktorant və dissertantların üzləşdiyi problemlər öyrənilib, prosesin sürətlənməsi üçün tövsiyələr verilib.

Xəbər lenti