Logo

Cəmil Quliyevin 95 illiyi elmi sessiya ilə qeyd olunub

27.01.2023 13:20 265 baxış
IMG

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda akademik Cəmil Quliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbiri giriş sözü ilə açan institutun direktoru professor Kərim Şükürov Cəmil Quliyevin beynəlxalq elmi forumlarda Azərbaycanı dəfələrlə təmsil etdiyini deyib. Bildirib ki, Cəmil Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas almasında və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.

Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev məruzə ilə çıxış edərək bildirib ki, 1970-1980-ci illər Cəmil Quliyevin ən zəngin yaradıcılıq dövrü olub. Bu dövrdə müəllifin iki monoqrafiyası nəşr olunub. Bu monoqrafiyalar bolşeviklərin Azərbaycanda milli siyasətinə toxunurdu. Qeyd edib ki, Cəmil Quliyev əsərlərinin adında milli siyasət ifadəsindən istifadə edən və bu məsələni araşdırmağa çalışan ilk və yeganə Azərbaycan tarixçisi olub. Tarixçi-alim Cəmil Quliyevin yarım əsrdən artıq dövrü əhatə edən elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

İnstitutun əməkdaşları görkəmli alimin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, C.Quliyev 1976-1990-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.

Xəbər lenti