Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istərdim ki, 1920-ci ilin aprel işğalına kimi sovetin hər zaman tənqid, təhqir etdiyi bəy balalarının əksəriyyəti (indiki “bəy” balalarından fərqli olaraq) Avropaya yüksək təhsilə sahib olmaq üçün getmişlər.
19-cu yüzilliyin sonları təkcə Şuşadan onlarla gənc Parisə, İngiltərəyə, Almaniyaya getmiş yüksək ixtisaslı həkim, müəllim, mühəndis, hüquqşünas kimi vətənə qayıtmışlar. Onlardan biri də istedadlı həkim, ictimai-siyasi xadim, Azərbaycan milli azadlıq hərəkatının iştirakçısı Bəhram bəy Axundovdur.
Bəhram bəy 1861-ci ildə Qarabağda hörmət-izzət sahibi olan Cəfərqulu bəyin ailəsində dünyaya göz açıb. (Yanlış olaraq bəzi mənbələrdə 1872-ci il kimi qeyd edilir. 1872-ci ildə onun qardaşı Ələkbər anadan olub). Anası Güllü xanım da əslən Qarabağlı olub. Cəfərqulu bəy dünyasını dəyişdikdən sonra ailənin bütün çətinliyi böyük oğul Kərimin üzərinə düşür. O, özü təhsil ala bilməsə də özündən kiçik olan qardaşlarını oxudur. Cəmil və Ələkbər Qori müəllimlər Seminariyasında təhsillərini başa vurub Qarabağa qayıdaraq maarifin, təhsilin təbliğinə çalışıblar. Bəhram isə vətəndə gimnaziya təhsilinə yiyələndikdən sonra üz tutur Avropaya. “1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına qəbul olur. 1896-cı ildə aspiranturada təhsilini başa vurub, həmin akademiyanın tibb fakültəsində təhsilini davam etdirir. 1901-ci ildə imtahan verərək “təbabət həkimi” ixtisası üzrə diplom alan Bəhram Lill şəhərinində Pastar İnsititutunda işə başlayır. Bir il işlədikdən sonra Rusiyaya gəlir, amma burada iş “tapa” bilmədiyi üçün Təbrizə gedir. O zaman “Rusiya imperiyası vətəndaşlarının aldığı əcnəbi diplomlar ölkədə keçərli deyildi. Onlar mütləq Rusiyada ya yenidən dövlət imtahanı verməli, ya da ən azı orada bir il oxuyaraq Rusiya diplomu əldə etməli idilər”. (Görünü burada hər şey ta-qədimdən problemli olub).
Bəhram bəy 1902-ci ildə Təbrizə gedir. Burada saray həkimi rütbəsini alaraq işə başlayır. Təbiətən çox meriban və həssas olan Bəhram bəy tez zamanda saray əhlinin sevimlisinə çevrilir. Müzəffərəddin şah onu “Şirü Xurşud” ordeni ilə təltif edir. Bəhram bəy burada nə qədər xoş gün-güzaran keçirsə də arzusu vətəninə gəlmək, öz soydaşlarına xidmət etmək idi. Bu istəklə 1904-cü ildə Xarkova gəlir. 1901-ci ildən “Həkimlər və təbiiyyatçılar Cəmiyyətinin” üzvü olan Bəhram bəy Xarkov Universitetində yenidən imtahan verib həkim diplomunu alır. Artıq o, Rusiya ərazisində həkim işləmək hüququna malik olur. İmtahanı uğurla verən Bəhram bəy 1904-cü ildə yenidən Parisə qayıdır. Amma bu dəfə təhsil dalınca yox. Bu dəfə Lillidə ilk dəfə gördüyü, bir könüldən min könülə vurulduğu Selestina xanımın dalınca gedir...
Sarışın, mavi gözlü fransız gözəli də hündür boylu, qara gözlü, iti baxışlı, xoş simalı bu Qafqazlı balasına biganə deyildi. Ona görə də səbirsizliklə onun yolunu gözləyirdi və tərəddüd etmədən “Qarabağlı gəlin”i olmağa söz verir. 1904-cü ilin sonları Bəhram bəy Selestina xanımın ata-anasının xeyir duasını alaraq onu Bakıya gətirir. Fransız gözəli bir il Bəhram bəyin qohumlarının evində qalır və öz xoşu ilə müsəlmanlığı qəbul edir, Selestina Purte-Səltənət Axundova olaraq 1905-ci ildə Bəhram bəylə ailə qurur. Bəhram bəy onu ata-baba yurduna gətirir. Səltənət xanımın Bəhram bəyə olan böyük sevgisindən və hörmətindən irəli gələrək o, bütün adət-ənənələri ədəb-ərkanla yerinə yetirir. Bu haqda Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) “Xatirələrim”də yetərincə informasiya var. “Xatirələrim”dən aydın olur ki, “Həmidə xanım ailəsi ilə birlikdə Şuşaya yaylağa gedərkən tez-tez Bəhram bəyin qonağı olardı, ya da Bəhram bəy ömür yoldaşı Səltənət xanımla onlara qonaq gələrdi. Onlar birlikdə Şuşa Xeyriyyə Cəmiyyətinin toplantısına qatılardılar. Cəmiyyət üzvüləri arasında Bəhram bəyə böyük hörmət vardı. O, verdiyi sözü mütləq yerinə yetirərdi”.
1906-cı ildə Bakıda çap olunan dövrü mətbuatdakı elanlardan aydın olur ki, Bəhram bəy həmin ildən daimi Bakıda çalışmağa başlayır. “Doktor Bəhram bəy Axundov Nikolayevski küçədə nömrə 27, Hacı Zeynalabdin Tağıyevin qız işkolasının qabağında Dadaşovun evində qəbul edir naxoşları hər gün sübh saat 8-dən 12-dək, axşam saat 4-dən 7-dək. Telefon nömrə: 799”. Bu məzmunda olan elanlar, bildirişlər əsasən rus dilli “Kaspi” qəzetinin səhifələrində verilib.
1906-cı ildə Bəhram bəyin ilk övladı Əli dünyaya gəlir. Deyilənə görə o, oğlunun adını yaxın dostu görkəmli yazar, romantik ədəbi məktəbin nümayəndəsi Əli bəy Hüseynzadə-nin şərəfinə Əli qoyub. Bəhram bəy Əli bəyə həmişə “əziz qardaşım və işdaşım” deyə müraciət edərək saatlarla tibbi biliklərini bölüşərdilər. (Əli bəy həm də həkim olub). 1908-ci ildə isə qızı Törə anadan olur. Çoxlarının qibtə edəcəyi xoşbəxtliyi yaşayır ailə. Bu xoş günlərin ömrü 1916-cı ilin 20 iyununa kimi çəkir. Həmin gün Səltənət xanım dünyasın dəyişir (üçüncü övladı dünyaya gələrkən). Bu hadisə Bəhram bəyi çox sarsıdır. Sevimli ömür yoldaşının ölümü ilə barışa bilməyən Bəhram bəy özünə qapılır, qaradinməz olur, şənliklərə, məclislərə getmir və bir daha heç kimi qəlbinə yaxın buraxmır, sevimli Səltənətinə sadiq qalır... Bu böyük sevginin yadigarı olan iki övladlarının tərbiyəsi, təhsili ilə yalnız özü məşğul olur.
Yuxarıda qeyd etdiyimiz kimi, Bəhram bəy yalnız dövrünün istedadlı həkimi, xeyirxah insanı deyildi. O, həm də ictimai, siyasi xadim idi. 20-ci əsrin əvvəllərində Bakının ictimai həyatında yaxından iştirak edib, “Nicat”, “Səfa” cəmiyyətlərinin ən fəal üzvü olub. 1917-ci ilin əvvəllərində Bakı Müsəlman İctimai Təşkilat Komitəsinə, sonlarında isə Bakı Şəhər Dumasına üzv seçilib. Azərbaycan Xalq Cüm-huriyyəti Parlamentinə “məhz M.Ə.Rəsulzadənin təklifi ilə seçilən” Bəhram bəy milli istiqlal hərəkatının fəal iştirakçılarından olub. “1919-cu ildə Azərbaycan Hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etməyi tapşırır”.
Bəhram bəy 1920-ci ilin aprel işğalından əvvəl və sonra Bakıda müxtəlif məktəblərdə, səhiyyə müəsələrin də həkim işləyib. İşğaldan sonra o, Nəriman Nərimanovun təklifilə “Azərbaycan SSR Xalq Komissarları Şurasının 13 iyun 1921-ci il tarixli iclasında xaricdə təhsil alan azərbaycanlı tələbələrin işləri üzrə müvəkkil təyin edilir”. Bundan sonra Bəhram bəy Avropanın müxtəlif şəhərlərini gəzir, azərbaycanlı tələbələrin yaşam tərzilə bağlı geniş məlumat toplayaraq “1922-ci ildə martın 2-də N.Nərimanovun adına geniş həcimdə hesabat yazaraq təqdim edir”. Sovet dövründə əsasən Dövlət Sığorta İdarəsində həkim işləyən Bəhram bəy həbs edilməsə də amma hər an təhlükəni gözləyib. Çünki, Azərbaycan milli azadlıq hərəkatının ən fəal içtirakçısı kimi AXC Parlamentinin üzvü olub, Avropa təhsili görüb və ən əsası sovet dövründə də o bəylik qürurunu itirməyib (xatirələrdən belə bəlli olur). Mədə xəstəliyindən əziyyət çəkən Bəhram bəy 1932-ci ildə dünyasın dəyişir. Və nə yaxşı ki, dəyişir. Yoxsa zirzəmilərə atılaraq qürurunun, mənliyinin alçaldılmasına dözə bilməzdi. Bəlkə də bu ölümü həsrətlə gözləyirdi. Əslində Bəhram bəy sevimli Səltənətinin ölümündən sonra dirikən “ölü” idi. Nə böyük bir eşq. Hər kəsə nəsib olmayan böyük və əzəmətli bir eşq!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist