Tehsil.biz sosial şəbəkədə video-müraciətlə təhsil almaq üçün dəstəyə ehtiyacı olduğunu bildirən Fərid Baxşəliyevin "Kulis.az"a müsahibəsini təqdim edir.
– Fərid, əvvəlcə səni daha yaxından tanıyaq.
– Bakıda anadan olmuşam. İki yaşım olanda valideynlərim ayrılıblar. Anam saxlaya bilmədiyi üçün atama verib. Atamla anam ayrılanda atamla qalmaq istəmədim. Atam Moskvaya getdi burada onun qohumlarının yanında qaldım. Sonradan bəzi səbəblərdən onlarla qalmaq istəmədim, sığınacağa getdim. Atam narazılıq etsə də, onun ikinci həyat yoldaşının anası məni 13-14 yaşıma qədər saxlayıb. Sonra sığınacaq dövrü başlandı. Dəfələrlə nənəm gəlib məni ordan çıxardı. Azadlığı sevən biri olduğum üçün uzun müddət sığınacaqda qala bilmədim.
– Anan sənin həyatının hansı hissəsindədir?
– Heç bir hissəsində. Elə bir şəxs tanımıram.
– Ayrılandan sonra görüşmüsünüz?
– Bəli, bir ay da yanında qalmışam. Amma heç bir isti münasibətini görməmişəm. O biri oğlu ilə mənim aramda çox böyük fərq qoyduğunun şahidi olmuşam.
– Bəs sənin qardaşınla münasibətin necədir?
– Qohum-əqrəbalardan mənim üçün bircə nənəm var. Nənəm ögey olsa da, heç vaxt bunu hiss etdirməyib. Məni öz balası kimi sevib.
– Bəs sığınacağa gedəndə niyə səni qaytarmadılar?
– Bu haqda danışmaq istəmirəm...
– Nənən sağdır? Görüşürsünüz?
– Arada telefonla danışırıq.
– Neçə il sığınacaqda qaldın?
– 2 il.
– Orada günlərin necə keçirdi?
– Hər gün eyni rejim var idi. Səhər oyanıb yemək yemək, televizora baxmaq, oyun oynamaq və s. Bundan çox sıxılırdım. İşin ən pis tərəfi təhsil ala bilməməyim idi. Özüm xahiş etmişdim ki, heç olmasa, əvvəlki məktəbimə getməyimə icazə verilsin. Heç cür razı olmamışdılar. Beləcə ordan çıxmaq fikrim qətiləşdi.
– Neçənci sinfə kimi təhsil almısan?
– Birinci sinifdən onuncu sinfə kimi. İndi də 10-cu sinifdəyəm.
– Bildiyimə görə, daha çox ədəbiyyat yönümlüsən...
– Ədəbiyyatı çox sevirəm. Özüm də şeir yazıram. Sığınacaqda qaldığım müddətdən şeir yazmağa başladım. Daha çox sevgi haqqında şeirlər yazmışam.
– Kimisə sevirdin?
– Sığınacaqda biri var idi. İndi də əlaqəmiz var. Ona yazırdım. Sonralar istədim türk dilində öz həyatımdan bəhs edən roman yazım. Türk dilinə marağım çoxdur. Uşaqlıqdan bu yana başıma gələnləri və gələcək uğurlarımı yazacaqdım.
– Ən xoş günün necə keçib?
– Sığınacaqda dost-tanış qazandığım, ailəmin yanımda olduğu vaxtlar.
– Təhsillə bağlı necə dəstək gözləyirsən?
– Əvvəlcə seçdiyim ixtisas üzrə hazırlaşmaq istəyirəm. Arzum Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaqdır. Daha sonra Almaniyada aktyorluq ixtisası üzrə təhsil almaq istəyirəm. Alman dilini də öyrənmək istərdim. Avropa ölkəsi olduğu üçün Almaniya mənə maraqlıdır.
– Böyük aktyor olacağına inanırsan? Özündə o potensialı hiss edirsən?
– Bəli. Hətta balaca vaxtlarımda nənəm, babam deyirdilər ki, sən oxumamış aktyorsan. Tanınmış bir aktyor olmaq istərdim. İndi də rejissor Səidə Haqverdiyevanın “Oyuq” teatr studiyasına yazılmışam. Oradakı tamaşalara gedib gəlirəm. Maraqlı prosesdir.
– Hansı aktyorların rolunu bəyənirsən?
– Hazırda baxdığım “Çukur” türk filmində Yamaç Koçovalını çox bəyənirəm. Bizim aktyorlardan isə Arif Quliyevi, Yaşar Nurini.
– Psixoloji dəstəyə ehtiyacın var?
– Ehtiyacım var. Problemsiz insan yoxdur. Hansısa dərdi insan içində saxladıqda o daha da böyüyür. Yığılır aqressiya yaradır. Həmin o dərdləri bölüşmək üçün həmişə bir insan axtarmışam. Bu baxımdan psixoloq olsa, ona güvənib içimdəkiləri danışa bilərəm. Dərdlərimi bölüşüb azad olmaq istəyərdim.
– Əlinin üstündə yanıq ləkəsi var...
– Uşaq olanda özümə çay tökəndə yandırmışam.
– Yaşına görə özünü daha çox əzab çəkmiş adam kimi hiss edirsənmi?
– Çox əziyyət çəkmişəm. Bir məsələni demək istəyirəm, mən təqdim olunan kimi yetim-yesir deyiləm. Hazırda mənim ən çox təhsil almağa ehtiyacım var. Yardım etmək istəyən hər kəsə təşəkkür edirəm. Durmadan zənglər gəlir. Əlim də, ayağım da var, düşdüyüm durumdan çıxa bilərəm. İşləyə bilirəm. Kafelərdə, restoranlarda ofisiantlıq edirəm.
– Ailəsiz cəmiyyətdə yaşamaq çətin olur...
– Əvvəllər heç kimi tanımırdım. Bilmirdim kimin yanında necə olmalıyam. İndi isə bilirəm. Hətta çətinlik gəlmədən öncə həmin anı düşünüb işin içindən necə çıxacağımı planlaşdırıram. Ayaqda qalmağa çalışıram.
– Özünü güclü hiss edirsən?
– Çox.
– Əvvəl belə deyildin?
– Əvvəl düşünürdüm ki, yəqin çox yaşamaram, ölərəm. İndi isə elə düşünmür. “Hamını öldürər, sonra özü ölər” misalındakı biri kimiyəm.
– Sonda nə demək istəyirsən?
– Bəzi adamların dediyi “Oxuyanlar nə gün görüblər ki?” fikri çox yanlışdır. Göstəriş üçün oxumaq başqa, əsl təhsil üçün oxumaq başqa. İnsanlar mənə yazıq kimi yanaşmasınlar. Mən sadəcə təhsil almaq istəyirəm. Bununla bağlı edilən yardımları qəbul edəcəm.