Logo

Milan Politexnik Universitetinin nümayəndələri ADA Universitetində - FOTO

01.02.2023 10:54 218 baxış
IMG

Milan Politexnik Universitetinin nümayəndə heyəti ADA Universitetində olub və 2022-ci ilin may ayından etibarən aparılan ilkin araşdırmanın nəticələrini təqdim edib.

ADA Universitetindən "Tehsil.biz"ə verilən məlumata görə, araşdırmanın məqsədi ölkənin səciyyəvi xüsusiyyətlərini, potensialını, təhsil sistemini öyrənmək, Dizayn və memarlıq fakültəsi üçün strateji baxış hazırlamaq olub. Araşdırmaya, həmçinin yüksək reytinqli beynəlxalq universitetlərin qabaqcıl təcrübəsinə əsaslanan tövsiyələr də daxil edilib.

Nümayəndə heyəti rektor Hafiz Paşayevin rəhbərliyi ilə növbəti mərhələdə görüləcək işlər, o cümlədən akademik proqramların hazırlanması, mərhələli şəkildə açılması, studiya və laboratoriyaların dizaynı, akademik heyətin işə götürülməsi və təlimlənməsini müzakirə edib. Yaranacaq Dizayn və memarlıq fakültəsində həm bakalavr, həm də magistratura pilləsində memarlıq, şəhərsalma, landşaft memarlığı, məhsul (sənaye) dizaynı, interyer dizaynı və kommunikasiya dizaynı ixtisasları tədris olunacaq.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmmədin sözlərinə görə, bu əməkdaşlığın əsasını sözügedən ixtisaslar üzrə insan kapitalının, yüksək keyfiyyətli kadrların, dərin texniki biliyə malik peşəkarların yetişdirilməsi təşkil edir.

Milan Politexnik Universitetinin nümayəndə heyətinin rəhbəri Silviya Debora Ferraris bildirib ki, bu cür ətraflı araşdırma tərəfdaşlara ölkənin özünəməxsus mədəni kimliyinə və ənənələrinə əsaslanan, eyni zamanda, yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən bakalavr və magistratura pillələri üzrə təhsil proqramları hazırlamağa imkan verir. Habelə İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri nümayəndə heyəti ilə görüşərək işin gedişatını müzakirə edib.

Xatırladaq ki, Milan Politexnik Universitetinin ilkin araşdırma çərçivəsində ölkəmizə ilk səfəri 2022-ci ilin iyun ayında baş tutub. Səfər zamanı aidiyyəti dövlət qurumları ilə yüksək səviyyəli görüşlər keçirilib. Bundan əlavə, yerli memarlar, dizaynerlər və şəhərsalma üzrə mütəxəssislərdən ibarət hədəf qrupu ilə davamlı məşvərətlər aparılıb.

Xəbər lenti