Logo

Ümummilli lider sağlam gələcəyin, böyük qələbələrin memarıdır

01.02.2023 11:14 468 baxış
IMG

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı, dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın və ölkənin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük, əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçiləndən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Bu müsbət dəyişikliklər ölkə həyatının bütün sahələrində olduğu kimi, idman sahəsində də öz bəhrəsini verdi. 

Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyətindən bəhs edərək qeyd edirdi: “İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir”. 

Respublikanın bədən tərbiyəçilərinin və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP Siyasi Bürosunun üzvü Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: “Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir. Çünki xalqın sağlamlığına bizim dövlət həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də, bədən tərbiyəsi və idman həmişə bütün təşkilatların diqqət mərkəzində olmuşdur”. 

Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı.

İdmana göstərilən diqqət və qayğı tezliklə öz bəhrəsini verdi

Dövlət müstəqilliyini əldə etdiyi 1991-1993-cü illərdə Azərbaycanda iqtisadiyyat  və  digər sahələrdə baş verən  qanunsuzluqlar  və dağıdıcılıq  siyasəti  idmana da olduqca güclü zərbələr vurmuşdu. 1993-cü ilin 15 iyununda xalqın çağrışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın ümummilli lider Heydər Əliyevin xususi diqqəti və qayğısı sayəsində başqa sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də ciddi dönüş yaradıldı. O vaxt Azərbaycanda çox problemlər var idi. Birinci növbədə, xaosa, hərc-mərcliyə son qoymaq, Azərbaycanda ictimai-siyasi sabitliyi yaratmaq lazım idi. Onun üçün də çox ciddi inzibati tədbirlər görmək lazım idi. Ona görə də ümummilli lider Heydər Əliyevin səyləri məhz idman sahəsinə yönəlmişdi. 

1994-cü il iyulun 26-da  xalqımızın ümummilli lideri Heydər Əliyevin 861 saylı Fərmanına əsasən Respublika Gənclər və İdman Nazirliyi yaradıldı.1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildə Azərbaycan Respublikasında İdman Fondu yaradıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman Fonduna 2 milyard manat  vəsait ayrılmışdı. 

1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyev II dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana diqqət daha da artdı. 

Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

1997-ci ilin iyun ayında idmana göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti  Heydər Əliyev Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sessiyasında Olimpiya Hərəkatında böyük xidmətləri olan görkəmli şəxsiyyətlər üçün təsis edilmiş “Olimpiya ləyaqəti” mükafatına layiq görülmüşdür.

(ardı var)

Dilqəm Quliyev,
Prezidentin fərdi təqaüdçüsü, 
pedaqogika üzrə elmlər doktoru, 
professor

Xəbər lenti