Logo

Gənclər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək

01.02.2023 12:50 214 baxış
IMG

Fevralın 4-də Heydər Əliyev Sarayında Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi və 1-8 fevral tarixlərini əhatə edən IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək.

İncəsənətin müxtəlif sahələrindən olan gənclərin iştirak edəcəyi konsertdə tamaşaçılar Azərbaycanın xalq və klassik musiqisinin müxtəlif janrlarını, fərqli balet səhnələrini, milli və müasir rəqsləri, eləcə də caz, rok, estrada janrında musiqi nömrələrini izləyə biləcəklər.

Musiqi axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Avanqard” Kamera Orkestri və “DanceAbility” Azərbaycan” inklüziv rəqs şirkətinin heyətləri, eləcə də gənclərin sevilən rok qrupu “Aynabənd” və Nicat Aslanovun caz kvarteti çıxış edəcək. Bununla yanaşı, konsertdə gənc müğənnilər Nigar Cəlilova, Emin Zeynallı, Zəminə Rəhimova, Vaqif Nağıyev, Emin İsmayılov, xanəndələr Yusif  Sadıxov, Rəvan Qaçayev, Sevinc Abdinova, Yaqut Xəlilzadə, aşıqlar Qəlbinur İbrahimli və Röya Mürsəlova, instrumental ifaçılar Məqsəd Əzizov, İsmayıl Zülfüqarov, Fərid Atazadə, Fərrux Haşımlı və Rüstəm Zeynalovun iştirakı nəzərdə tutulub.

Xəbər lenti