Logo

Mübariz Qurbanlı Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

01.02.2023 15:52 268 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı fevralın 1-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Dövlət Komitəsinin sədri görüş zamanı dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkədə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib. Bildirib ki, dünyəvi dövlət olan Azərbaycanın konfessiyalara münasibətində bərabərlik prinsipi mütləq mənada qorunur. 37-i isə qeyri-islam təmayüllü olmaqla dövlət qeydiyyatına alınan 993 dini icmanın fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməklə yanaşı, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində də fərq qoyulmadan bütün konfessiyalar diqqətdə saxlanılır. Komitə sədri, həmçinin ermənilərin Qarabağ və ətraf rayonların işğalı zamanı törətdiyi vandalizm aktları, Azərbaycan xalqına məxsus olan  mədəni-dini irsi yerlə-yeksan etməsi, Qafqaz Albaniyasına aid tarixi-dini abidələrin daxili və xarici görkəmlərinin dəyişdirilərək qriqoriyanlaşdırması kimi faktlara toxunub. Artıq tarixi-dini abidələrin dövlət tərəfindən bərpa edilməsi prosesinin başladığını  vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir multikultural və tolerant mühitin Azərbaycanda yüksək səviyyədə hökm sürdüyünün şahidi olduğunu, müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin, etnik azlıqların harmoniya halında, qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyib.

Görüşün sonunda səfirə DQİDK-nın ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Xəbər lenti