Logo

Naxçıvan Müəllimlər İnstitutunda tədbir keçirilib

01.02.2023 21:14 265 baxış
IMG

Naxçıvan Müəllimlər İnstitutunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə institutun rektoru Azad  Novruzov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər daim diqqətdə saxlanılır, onların formalaşması və inkişafı üçün dövlət proqramları qəbul edilir, strateji yol xəritələri hazırlanır.

Sonra institutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev çıxış edərək institutda Tələbə Gənclər təşkilatları ilə aparılan işin mahiyyətindən və gələcək perspektivlərindən danışıb.

İnstitutun magistr tələbəsi Ülkər Məmmədova Tələbə Gənclər təşkilatlarının 2022-ci ildəki fəaliyyətinə dair hesabatı təqdim edib, qazanılan uğurlar və 2023-cü ildə görüləcək işlər haqqında məlumat verib.

Ü.Məmmədova qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatı ötən il bir çox yarış və layihələrdə iştirak edib, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Gənclər Fondu, muxtar respublikada fəaliyyət göstərən bir sıra idman federasiyaları və s. təşkilatlarla sıx əməkdaşlıq edib, ölkə və muxtar respublika səviyyəli tədbirlərə qatılaraq uğurlar qazanıb.

Qeyd edilib ki, Tələbə Gənclər Təşkilatının nəzdində 15 klub fəaliyyət göstərir. İnstitutun tələbələri “Yaşa və öyrən Bahariyyə” intellektual yarışının, institutun “Müəllimlər” komandası hərbi-idman oyununun, STEAM festivalının qalibi olublar.

Tələbələr  həmçinin, yüngül atletika, atıcılıq və badminton idman yarışlarında uğurlar qazanıb və “Naxçıvan Marafonu-2022”-də 4-cü yerə layiq görülüblər.

Tələbələrdən ibarət institut komandası Bakıda təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi”  VII ümumrespublika bilik yarışında iştirak edərək 49 ali təhsil müəssisəsi arasında 12-ci yerdə qərarlaşıb.

Tədbirdə 2022-ci ildə tədris və ictimai işlərdəki fəallıqlarına görə fərqlənən bir qrup tələbə-gəncə mükafatlar təqdim edilib.

Sonda tələbələrin hesabat sərgiləri ilə tanışlıq olub və hazırladıqları bədii hissəyə baxış keçirilib.

Xəbər lenti