Logo

"Heydər Əliyevin Gənclər siyasəti doğma Azərbaycanımızın işıqlı sabahının qarantıdır"

02.02.2023 10:06 664 baxış
IMG

"Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

Heydər Əliyev

Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. 

Ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev -"Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” –söyləyib. Gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları hazırlanıb.Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə vacib  sənədlər təsdiq edilib:

- "Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər),

- "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər)

- "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı,

- "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”,

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı.

Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla “2007-ci ilin "Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.Bütün bunlar Azərbaycanın gələcəyinə yönəldilmiş mühüm sərmayədir. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" da Gənclər siyasətinin uğurlu bir parçasıdır.

Təhsil sektoruna, orda çalışan gənc müəllimlərə göstərilən Dövlət qayğısı, ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın hər zaman gənc müəllimlərə diqqətlə yanaşması onlara stimul verir, gələcəkdə daha əzmlə çalışmağa ruhlandırır.

Gənc müəllim yaxşı bilir ki, ölkədə həyata keçirilən təhsil siyasətinin onun qarşısına qoyduğu tələblər var. Üstəlik, bu tələb, sadəcə savadlı, bilikli, ali məktəbə hazırlaşan şagird yetişdirməkdən də ibarət deyil. Üzərlərinə düşən vəzifəni uğurla icra etməklə təkcə savadlı şagirdlər yetişdirmək deyil, dövlətimiz, millətimiz üçün vətənpərvər nəsil yetişdirməklə də fəxr etməlidir hər bir müəllim. Bu gün təhsil sahəsində atılan addımlar, keçirilən islahatlar müəllim nüfuzunun qaldırılmasına, müəllim əməyinin qiymətləndirilməsinə hesablanıb. Odur ki, gənc müəllimlər öz vəzifələrini məsuliyyətlə, sevərək, peşəkar səviyyədə həyata keçirməlidir. Yeni metod, psixoloji və digər yanaşmalardan istifadə edərək müəllim-şagird münasibətlərini əməkdaşlığa çevirməyi bacarmalıdır.

Qürurla vurğulamalıyıq ki, ölkəmizin gəncləri 44 günlük Vətən müharibəsində öz canları, qanları ilə şərəf, qürur tariximizi yazdılar.

Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.

Bu gün Azərbaycan Gənci hər yerdədir- oxuyur, təhsil alır, qurur- yaradır, Vətəninin sərhədlərini qoruyur. Fəxr edirik ki, bu xalqın, bu millətin qədirbilən gəncləri var və onlar doğma Azərbaycanımızın qüdrətlənməsi naminə gələcəkdə də böyük işlər görəcəklər.

Əliyev Rövşən
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri

Xəbər lenti