Logo

Macarıstanlı naşir Əlyazmalar İnstitutununda olub - FOTO

02.02.2023 10:21 235 baxış
IMG

Macarıstanın “Arcanum” rəqəmsal nəşriyyat qurumunun icraçı direktoru Elöd Biszak AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, ADA Universitetinin təşəbbüsü ilə baş tutmuş görüşdə Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli qonağa elmi müəssisədə icra olunan işlər barədə məlumat verib.

E.Biszak institutda həyata keçirilən əlyazmaların elektronlaşdırılması prosesi haqqında məlumat əldə etmək istədiyini bildirib. Daha sonra o, Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsində əlyazmaların elektronlaşdırılması, elektron kataloqun hazırlanması, şifrələr üzrə təsnifləşdirilməsi və bu kimi bir sıra proseslərlə tanış olub. O, institutda görülən işlər barədə özünün təmsil etdiyi müəssisədə məlumat verəcəyini, gələcəkdə Əlyazmalar İnstitutunun materiallarının daha müasir formada elektronlaşdırılaraq dünya miqyasında istifadəsi imkanlarının genişləndirilməsi məqsədilə üçtərəfli müqavilənin imzalanmasının mümkünlüyünü bildirib.

Qonaq, həmçinin institutun Ekspozisiya zalında nümayiş olunan türk, ərəb və farsdilli nadir əlyazma nüsxələri və H.Z.Tağıyev guşəsi ilə tanış olub, institutun laboratoriyasında əlyazmalar üzərində aparılan bərpa işləri prosesini müşahidə edib.

Görüşün sonunda akademik Teymur Kərimli E.Biszaka AMEA-nın Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” toplusunun ingilis dilində variantını hədiyyə edib.

Xəbər lenti