Logo

Azərbaycanda uğurlu gənclər siyasəti

02.02.2023 15:26 372 baxış
IMG

Dövlətin gənclərə sistemli dəstək və diqqəti nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissi artıb

2 Fevral Azərbaycanda Gənclər Günüdür. Ölkəmizdə 1997-ci ildən başlayaraq qeyd olunan bu günün təsis edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, gəncliyin tükənməz enerjisini dəyərləndirən, onlara millətin, ölkənin sabahı, ümidi kimi yanaşan Ümummilli Lider hakimiyyətdə olduğu dövrlərdə gələcəyə hesablanmış davamlı gənclər siyasəti yürütdü, bu vacib siyasətin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzaladı. Gənclər siyasəti institutlaşdırıldı; ölkədə Gənclər və İdman Nazirliyi yaradıldı və bu dövlət qurumu gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi.

Beləliklə, ölkədə fəal gənclik formalaşdı; gənclər hərəkatı meydana çıxdı və dövlətin dəstəyi ilə bu hərəkat təşkilati strukturlara çevrildi. Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. Ulu Öndərin forumlardakı proqram xarakterli nitqlərində gənclər qarşısına konkret vəzifələr qoyuldu.

Birincisi, gənclik özünü daim inkişaf etdirməli, savadlı, nümunəvi yetişməli, təhsilində uğurlara imza atmalıdır.

İkincisi, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, müstəqil Azərbaycanın bu günü, sabahı haqqında düşünməli, üzərlərinə düşən vəzifələri dəqiq öyrənməlidir.

Üçüncüsü, gənclər dövlət işlərində çalışmalı, təcrübələrini artırmalı, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə öz töhfələrini verməlidirlər. 

“Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərman da bu məqsədlə imzalandı. Elmi, mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq istedadlı gənclərə yaradıcılıq potensiallarını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə  gənc istedadların “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Bundan başqa, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.

Azərbaycan gəncləri vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirildi. Onların vətənə sədaqət ruhunda tərbiyə edilməsi gənclər siyasətinin fəlsəfi və ideoloji əsasına çevrildi.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinə sadiq qalan Prezident İlham Əliyev də Azərbaycan gənclərinin inkişafını hədəfləyən mühüm sənədlərə imza atdı. “Gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları” bu istiqamətdə görülən işlərin miqyasını aydın ortaya qoyur.  Diqqət edək: 

- “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);

- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

- Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı.

Bütün bu sənədlərin hazırlanmasında məqsəd ondan ibarət olub ki,  ölkəmizdə gənclərin potensialı inkişaf etdirilsin, onların faydalı məşğulluğu təmin olunsun.

Bundan başqa, gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığını təmin etmək üçün 2007-ci il “Gənclər İli” elan olundu və tədbirlər planından irəli gələrək respublikanın şəhər və rayonlarında “Gənclər evi” yaradıldı.

Yeni nəslin sağlam və fəal formalaşdırılması üçün Gənclər Fondunun yaradılmasını xüsusi qeyd etməliyik. Bu fondun təsisi ölkənin gənclər siyasətinin mahiyyət etibarı ilə yeni səhifəsinin başlanğıcıdır. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi daşıyan fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai, sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub.

Gənclərə qayğıdan bəhs edərkən “Gənclər üçün Prezident Mükafatı”nı da xüsusi qeyd etməliyik. Bu mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə  ildə bir dəfə 10000 manat məbləğində verilir.

Dövlət başçısı İlham Əliyev dünən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup şəxsə 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi ilə bağlı sərəncam imzalayıb. Builki Gənclər Günü ilə bağlı daha bir sərəncam gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında oldu, bir qrup gənc “Tərəqqi” və, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edildi. 

Gənclərə diqqətdən danışarkən son illər təhsil sahəsində gənclərin inkişafına yönəlik atılan addımları da qeyd etmək lazımdır. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olub.

Gənclərin xaricdə təhsil almalarına dair 2022-2026-cı illər üçün də Dövlət Proqramının qəbul edilməsi bu siyasətin davamlılığına, Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsinə bariz misaldır.

Bundan başqa, ali məktəblərə yüksək balla qəbul olunan tələbələr hər il yüksək məbləğdə Prezident təqaüdü alır ki, bu da onların elmə həvəsini, təhsilə marağını və intizamını stimullaşdırır.

Bəllidir ki, bu gün Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb və  aparıcı gücə çevrilib. Cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edən könüllülər hərəkatı ilk dəfə “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyətini gənclər təşkil edir. Ümumiyyətlə, ölkəmizdə təxminən, 20 min gənc könüllü olaraq çalışmış və hazırda onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə işləyir.

İstər dövlət qurumları, istərsə də özəl sektor olsun, gənclərin təcrübə keçməsinə şərait yaradılır, daha sonra onların işlə təminatı məsələsi öz həllini tapır. Bu gün yeni nəslin nümayəndələrinə hər yerdə etimad göstərilir, onlar məsul vəzifələrə, idarəetmə işlərinə irəli çəkilir. 2019-cu ildə təsis olunmuş “Yüksəliş” müsabiqəsinin də hədəfi bundan ibarətdir ki, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslər müəyyən edilsin, beləliklə, ölkədə kadr ehtiyatı bankı formalaşdırılsın.

Bu, gənclər siyasətinin strateji prioritetidir. 

Həmçinin Gənclər Fondunun nəzdində fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzi də  (GİKM)  gənclərin hərtərəfli inkişafında mühüm rol oynayır. Onların əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM-in rayonlardakı Heydər Əliyev Mərkəzlərindəki nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar. Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.

Dövlətin gənclərə sistemli dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissi artıb.

Beləliklə, uğurlu gənclər siyasətinin ən böyük nəticəsi o oldu ki, milli düşüncəyə, vətənpərvərlik hissinə malik gənclik yetişdi. Yüksək keyfiyyətlər qazanmış çağdaş nəsil öz sözünü hərb meydanında dedi. Bu nəsil Qarabağın kədərli hekayəsini dəyişdi; doğma Yurdu işğalçı tapdağından qurtardı; öz sevgisi, cəsurluğu, fədakarlığı, döyüş qabiliyyəti, ən yüksək məqam olan şəhidliyi ilə ortaya Azad Qarabağ, Güclü Vətən tablosu qoydu.

V.ALLAHVERDİYEVA

Xəbər lenti