Logo

FHN Akademiyasında Gənclər Günü ilə bağlı tədbir keçirilib - FOTO

02.02.2023 18:38 298 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

FHN-dən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FHN-in Akademiyası rəisinin birinci müavini polkovnik Qəzənfər Bağırov tədbiri giriş sözü ilə açaraq bayram günü münasibətilə təbriklərini çatdırıb, ulu öndər Heydər Əliyevin daim gənclərə xüsusi diqqət və qayğı hissilə yanaşdığını minnətdarlıq hissilə xatırlayıb. Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Q. Bağırov deyib ki,1996-cı ilin 2 fevral tarixində Azərbaycanda ilk Gənclər Forumunun keçirilməsi, ümummili lider Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu qayğının parlaq təzahürüdür.

Q.Bağırov çıxışında əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, gənclərin hərtərəfli inkişafı üçün mühüm addımların atıldığını bildirib. Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafına münbit şərait yaratmaqla yanaşı, onların vətənpərvər ruhda formalaşmasında da həlledici rol oynayıb. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimiz əminik ki, gələcək nəsillər üçün də nümunə olacaq.

Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətimizin başçısının uzaqgörən siyasətinin bariz nümunəsi kimi qiymətləndiriblər.

Tədbirin sonunda xidmətdə fərqlənən gənc əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında FHN-in Akademiyası rəisinin müvafiq əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

FHN Akademiyasında Gənclər Günü ilə bağlı tədbir keçirilib - FOTO

FHN Akademiyasında Gənclər Günü ilə bağlı tədbir keçirilib - FOTO

Xəbər lenti