Logo

BSU-da 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

02.02.2023 21:37 294 baxış
IMG

Fevralın 2-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, dəyirmi masa formatında təşkil edilmiş tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Gəncləri Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

BSU-nun rektoru Anar Nağıyev universitetin gənc kollektivini, tələbə və magistrantları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək bu tarixi günün təsis edilməsinin Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1997-ci ildən etibarən 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edildiyini deyib. Ulu öndərin gənclərə göstərdiyi diqqətin gələcək üçün yol xəritəsi olduğunu bildirən rektor Avropanın və dünyanın bir çox ölkələrindən fərqli olaraq məhz Azərbaycanda gənclərlə bağlı ilk konsepsiyaların yaradıldığını nəzərə çatdırıb. Anar Nağıyev 2000-ci illərdən etibarən gənclərlə bağlı müxtəlif proqramların formalaşması nəticəsində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. O, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasətinin uğurla davam etdirildiyini, prezidentin imzaladığı müvafiq sənədlərlə gənclər üçün xaricdə təhsil imkanlarının yaradıldığını vurğulayıb. 

A.Nağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalçı təcavüzündən azad edilməsində gəncliyin müstəsna xidmətləri olduğunu deyib. O, qeyd edib ki, BSU-nun ölkəmizin şərəf tarixində izini qoymuş şəhid məzunları var. Rektor BSU-nun tələbə və məzunlarının istər informasiya müharibəsi, istərsə də arxa cəbhədə öz töhfəsini verdiyini də diqqətə çatdırıb. O, yanvarın 5-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Bakıda STEAM İnnovasiya Mərkəzinin açılışında iştirak etməsinin Azərbaycan gənclərinin innovativ inkişafı istiqamətində atılmış mühüm addımlara dəstəyini ifadə etdiyini bildirib. Həmçinin, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən “Yüksəliş” müsabiqəsi kimi layihələrin gənclərin fərdi və karyera inkişafında yeni imkanlar yaratdığını deyib. Eyni zamanda, Heydər Əliyev Fondunun həyata keçirdiyi təhsil layihələrinə diqqət çəkib. Rektor bu günkü günün mahiyyəti və gənclər üçün yaradılan imkanları məhz onların dilindən eşitməyin əhəmiyyətini vurğulayaraq çıxış üçün sözü gənclərə verib.

Tədbirin davamında Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Heydər Əliyev-Azərbaycanda gənclər siyasətinin banisi”, Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edən Nuray Orucova “44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin rolu”, “Bir” Tələbə-Könüllü Proqramının BSU üzrə koordinatoru Nizami Xəlil “Gənclərin könüllülük fəaliyyəti” mövzularında çıxış ediblər.

Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Heydər Əliyev -Azərbaycanda gənclər siyasətinin banisi” adlı çıxışında müstəqil, vətənpərvər, savadlı gənc nəslin yetişdirilməsində Ulu öndərin misilsiz töhfələrindən bəhs edib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edən Nuray Orucova “44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin rolu” adlı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında vətənpərvər gəncliyimizin 30 illik işğala cəmi 44 günə son qoyduğunu qeyd edib. Gənc nəslin tərbiyə edilməsi istiqamətində də məqsədyönlü siyasət yürüdülməsi nəticəsində onların yüksək vətənpərvərlik ruhunda yetişdiyini deyib.

“Bir” Tələbə-Könüllü Proqramının BSU üzrə koordinatoru Nizami Xəlil “Gənclərin könüllülük fəaliyyəti” adlı çıxışında dövlətin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biri olan könüllük haqqında ətraflı məlumat verib. Gənclər arasında könüllülər hərəkatının genişlənməsinin əhəmiyyətindən danışıb.

Dəyirmi masa iştirakçıların fəal və maraqlı müzakirəsi ilə yekunlaşıb.

Xəbər lenti