Məlum olduğu kimi, 2023-cü ildən başlayaraq SAT imtahanları bütün test mərkəzlərində kompüter vasitəsilə (Digital SAT / Rəqəmsal SAT) keçiriləcək.
Tehsil.biz Dövlət İmtahan Mərkəzinə istinadən kompüter əsaslı SAT imtahanının təşkilinə aid əsas məqamları gələcək iştirakçılara təqdim edir:
I Ünvan:
Rəqəmsal SAT imtahanı DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasında keçiriləcək.
II Notbuk/planşet:
İştirakçılar imtahan günündən öncə SAT imtahanı üçün xüsusi hazırlanmış proqram təminatını öz notbuk və ya planşetlərinə yükləməlidirlər.
İmtahan iştirakçısının özünün notbuk və ya planşeti yoxdursa, o, “College Board”a imtahan üçün notbuk/planşetlə müvəqqəti təmin edilməsi barədə sorğu göndərə bilər. Notbuk və ya planşet ancaq imtahandan əvvəl “College Board”a sorğu göndərmiş iştirakçılara Mərkəzdə imtahan günü veriləcəkdir. İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
III İmtahan müddəti:
Rəqəmsal SAT kağız üzərində keçirilən imtahandan daha qısa - 2 saat və aralarında 10 dəqiqəlik fasilə olmaqla iki bölmədən (Oxu, yazı və Riyaziyyat) ibarətdir.
IV Proqram təminatı:
İmtahanın proqram təminatı imtahan iştirakçıları üçün aşağıdakı funksionallığı təmin edəcək:
- Suallara daha sonra qayıtmaq üçün onları işarələmək seçimi;
- İştirakçıların imtahan ekranının yuxarısında göstərmək və ya gizlətmək üçün seçə biləcəyi geriyə irəliləyən vaxt;
- İştirakçıların riyaziyyat bölməsində istifadə etmələri üçün quraşdırılmış qrafik kalkulyator (iştirakçılar öz kalkulyatorlarını da imtahana gətirə bilərlər);
- Hər bir riyaziyyat sualı üçün ümumi düsturlardan ibarət istinad vərəqi.
V Proqram təminatının interfeysi və sınaq imtahanı:
Rəqəmsal SAT imtahanının proqram təminatının interfeysi və ona uyğun imtahan suallarını “College Board”un rəsmi saytından yükləyərək tanış olmaq mümkündür.
VI İştirakçılar imtahana nə gətirilməlidirlər?
İmtahanda iştirak edən şəxslər tələb olunan aşağıdakı vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır. İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş və digər əşyaları gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
VII Tarix və ətraflı məlumat:
2023-cü ilin birinci yarımilində SAT imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
- 11 mart
- 6 may
- 3 iyun
Rəqəmsal SAT imtahanı barədə daha ətraflı məlumat “College Board”un rəsmi internet səhifəsində mövcuddur: https://satsuite.collegeboard.org/digital