Logo

“Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsinin yekun tədbiri keçirilib - FOTO

03.02.2023 17:59 461 baxış
IMG

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” çərçivəsində elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsinin yekun tədbiri keçirilib.

"Tehsil.biz"in məlumatına görı, tədbirdə Mərkəzin kollektivi, AR gənclər və idman nazirinin müavini İndira Hacıyeva, AR elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, münsiflər heyətinin üzvləri və yazıları fərqləndirilən tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında esse müsabiqələrinin keçirilməsinin gəncliyin Azərbaycan xalqının ümum­milli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi H.Əli­ye­vin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsi ilə yanaşı, uğurlu gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dün­yagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsi və azərbaycançılıq ideologiyasının təbliği baxımından da xüsusi əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb.

Bildirilib ki, yazı müsabiqələri tələbələrdə təd­qi­qat­çı­lıq bacarığını üzə çıxarmaqla onlarda düzgün yazı vərdişlərini inkişaf etdirməyə geniş imkan yaradır.

Qaliblər mükafatlandırıldıqdan sonra müsabiqə üçün göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə ətraflı məlumat verən Münsiflər heyətinin üzvü AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərova təqdim olunmuş 49 essedən tələb olunan şərtlərə uyğun gələn bir müəllifin qalib seçildiyini və iki müəllifin Fəxri fərmana layiq görüldüyünü nəzərə çatdırıb. Qiymətlən­dirmə meyarlarını diqqətə çatdıran münsif bildirib ki, esselərin tərtib qaydalarına əməl olunmalı, məzmun və məna vəhdət təşkil etməli, üslub vahidliyi və mətnin ifadəliliyi qorunmalıdır.

Nəticələri ümumiləşdirən dosent Qüdsiyyə Qəmbərova müsabiqəyə göndərilən əksər yazılarda orfoqrafik, qrammatik və üslub səhvlərinə rast gəlindiyini, mətnlərin abzaslara düzgün bölünmədiyini, punktuasiya qaydalarına riayət olunmadığını, mövzu ilə məzmun arasında uyğunsuzluq kimi halların müşahidə edildiyini, ciddi plagiat faktlarının aşkarlandığını təəssüflə bildirib.  

Münsiflər heyətinin üzvləri ‒ Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi dosent Ruslan Abdullayev, Bakı Mühəndislik Universitetinin baş müəllimi dosent Jalə Zeynallı və tədris məsləhətçisi dosent Zabitə Teymurlu,  Bakı Dövlət Universitetinin elmi işçisi Pərvin Eyvazov çıxışlarında esse və inşa müsabiqələrinin nəticələrinin orta məktəbdə yazı işlərinin bərpa olunmasının zəruriliyini bir daha aktuallaşdırdığını qeyd ediblər.

Müsabiqənin qalibi Naxçıvan Dövlət Universitetinin I kurs magistri Muxtar Rzazadə tədbirin sonunda yazdığı “Ulu öndər Heydər Əliyev və gəncliyimiz” adlı esseni səsləndirib.

“Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin IV kurs tələbəsi Mustafayeva Tahirə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Pedaqoji fakültəsinin II kurs tələbəsi Ağaverdiyeva Ceyhunə Fəxri fərmanlarla təltif olunublar.

Xəbər lenti