Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər Nazirliyi (DİN) Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə müsabiqəyə 30 kursantın qəbulu elan edilib.
Bu barədə "Tehsil.biz"ə Naxçıvan MR-in DİN-dən məlumat verilib.
"Müsabiqədə – “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq, Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 175 sm, yaşı 30-dan çox, 20-dən az olmayan və müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum edilmiş (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər müsabiqəyə buraxılmırlar.
Sənədlərin qəbulu 2023-cü il yanvar ayının 25-dən mart ayının 6-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar Şöbəsində həyata keçiriləcəkdir", - məlumatda qeyd olunub.