Logo

MDU-da növbəti “Açıq qapı” günü keçirilib - FOTO

04.02.2023 11:14 289 baxış
IMG

Fevralın 3-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.

Cari tədris ilinin payız semestrinin imtahan sessiyasının uğurla başa çatdığını qeyd edən Ş.Bayramov imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsində əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib. Tələbə və magistrantların imtahanlarda nümayiş etdirdikləri müvəffəqiyyət göstəricilərindən məmnunluğunu ifadə edən rektor bu münasibətlə təbriklərini çatdırıb.

Səmimi formatda keçən görüşdə tələbə və valideynlər çıxış edərək imtahan sessiyasının təşkilindən razı qaldıqlarını bildiriblər və göstərilən diqqətə görə universitet rəhbərliyinə, professor-müəllim heyəti üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, MDU-da cari ilin yanvarın 5-dən başlayan payız imtahan sessiyası çərçivəsində hər həftə “Açıq qapı” günü təşkil edilib. Universitet rəhbərliyinin tələbə, magistrant və onların valideynləri ilə onlayn platformada keçirilmiş görüşləri imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyıb.

Xəbər lenti