Logo

Narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

04.02.2023 11:31 657 baxış
IMG

Yevlax şəhər İcra Hakimiyyəti, Yevlax Rayon Polis Şöbəsi və Yevlax Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər davam etdirilir.

Tehsil.biz xəbər verir ki, keçirilən belə tədbirlərdə narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edilir, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin, prokurorluğun apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçıları məlumatlandırılır. Yeniyetmə və gənclərə yüksək təhsil almaqları, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaları, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələri, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmaları və cəmiyyətdə sağlam fərdə çevrilmələri tövsiyə olunur.

Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı gənclərə çatdırmaq məqsədilə növbəti maarifləndirici tədbir rayonun Əcəmi kənd tam orta məktəbdə keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax Rayon Polis Şöbəsinin rəisi Polis Polkovniki Elnur Mehdiyev, Yevlax rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Emil Qurbanov məktəbin müəllim və şagirdləri də iştirak ediblər.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan E.Əzizova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın da məhz bu məqsədə xidmət etdiyini söyləyib. 

Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir. "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemləri diqqətə çatdırmaq, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu izah etməkdir. 

Yevlax Rayon Polis Şöbəsinin rəisi Polis Polkovniki Elnur Mehdiyev, Yevlax rayon Prokurorunun müavini, kiçik ədliyyə müşaviri Emil Qurbanov çıxışlarında tədbirin əhəmiyyətindən söz açaraq əsas məqsədin bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanı, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini önə çəkmək olduğunu qeyd ediblər. Yaşadığımız müasir dövrdə bəşəriyyəti təhdid edən narkotik asılılığının cəmiyyətdə və insan həyatında törədə biləcəyi neqativ hallardan danışaraq narkomaniya ilə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat veriblər.

Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildirən çıxışçılar  əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə görüşlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını söyləyiblər.

Tədbirin gedişi zamanı videoçarx nümayiş etdirilib.
Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti