Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyunlar layihəsi çərçivəsində tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə gənclər, təhsil müəssisəsinin müəllim və tələbə heyəti, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndərimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tİ üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqadar silsilə tədbirlərin təşkil edilməsi, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətləri haqqında məlumat verib.
Layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Gənclər Fondu, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İB, layihənin məqsədi, vəzifələri, tədbirin proqramı haqda ətraflı məlumat verib.
A.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Layihənin eksperti Ümüdvar Həsənov Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu ilə bağlı məlumat verdikdən sonra gənclər arasında Azərbaycan tarixi mövzusunda intellektual oyun həyata keçirilib.
Dörd mərhələdən və hər mərhələ 4 istiqamət üzrə (Azərbaycan tarixi, Ulu Öndər Heydər Əliyev, Qarabağ, Şanlı Zəfər tarixi) olmaqla intellektual oyunda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrindən ibarət 9 komanda iştirak ediblər.
"Veb dizayn və proqram təminatı" və "Komputer Sistemlərində Proqramlaşdırma" ixtisasları üzrə təhsil alan tələbələrdən ibarət komanda intellektual oyunun qalibi elan olunublar.
Sonda bütün iştirakçılara sertifikatlar, qalib komandaya hədiyyələr təqdim edilib.