Logo

“Azərbaycan dili beynəlxalq aləmdə” layihəsi çərçivəsində görüş olub - FOTO

06.02.2023 17:37 333 baxış
IMG

Niderlandda yaradılan Qərbi Azərbaycan İcma  Nümayəndəliyinin sədri və Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sima Cəfərova və Azərbaycan Dillər Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Həqiqət Hacıyeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin qonağı olublar.

"Tehsil.biz"in məlumatına görə, mərkəzin direktoru professor Sevinc Əliyevanın təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycandan kənarda doğma dilin təbliği və tədrisi məsələləri geniş müzakirə edilib.

Görüşdə Niderlandda fəaliyyət göstərən Nümayəndəlik və Konqresin fəaliyyəti yaxından öyrənilərək Avropada yaşayan ailələrdə Azərbaycan dilinin qorunması, dominant dilin təsiri ilə asimilyasiyaya uğramaması və s. məsələlərlə bağlı müvafiq tövsiyələr səsləndirilib.

Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirib ki, Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi və ölkə hüdudlarından kənarda doğma dilin tədrisi işinin uğurlu təşkili məqsədilə xaricdə yaşayan soydaşlarımızın lazımi dərslik və vəsaitlərlə təmin olunması, eləcə də ölkəmizi təmsil edən müvafiq kitabların nəşri işində Monitorinq Mərkəzi öz töhfəsini verməyə hər zaman hazırdır. Xaricdə yaşayan soydaşlarımızın ailələrində böyüyən uşaqların ana dilini bilməsinin vacibliyini vurğulayan prof. Sevinc Əliyeva balacalar üçün müvafiq vəsaitlərin hazırlanmasının da Monitorinq Mərkəzi üçün prioritet məsələ olduğunu qeyd edib.

Qonaqlara Mərkəz tərəfindən hazırlanan milli nağıllar və hekayələrdən ibarət audiodisklər, eləcə də Azərbaycan dilinin zənginliyini əks etdirən vəsaitlər təqdim edilib.

Xəbər lenti