Logo

Qahirədə “Azərbaycanı kəşf et!” layihəsi təqdim edilib - FOTO

07.02.2023 14:31 322 baxış
IMG

Misirin paytaxtı Qahirədə yerləşən “Cairo Tower” teleqülləsində “Azərbaycanı kəşf et!” (“Discover Azerbaijan!”) layihəsinin təqdimat mərasimi keçirilib.

"Tehsil.biz"in məlumatına görə, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Qahirə şəhərində yaşayan diaspor fəalı Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin tanınmış şəxsləri, nüfuzlu şirkətlərin və media qurumlarının rəhbərləri iştirak ediblər.  

Azərbaycanın və Misirin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə tədbir iştirakçılarını “Azərbaycanı kəşf et!” layihəsinin rəhbəri, Dr. Sədaqət Əliəşrəf salamlayıb. Ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və maraq əsasında qurulan münasibətlərə diqqəti cəlb edən layihə rəhbəri Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin bu yaxınlarda Azərbaycana rəsmi səfər etdiyini xatırladıb. Misirdəki Azərbaycan diasporunun bu dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərdiyini, “Azərbaycanı kəşf et!” layihəsinin də buna nümunə olduğunu, bu il layihəyə 9 min misirli vətəndaşın qatıldığını nəzərə çatdırıb. “Azərbaycanı kəşf et!” layihəsini dəstəklədiyi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi təşəkkür bildirilib.

Tədbir çərçivəsində layihə iştirakçılarının rəsm sərgisi nümayiş etdirilib, Azərbaycan dilində şeirlər səsləndirilib və konsert proqramı təqdim edilib.

Münsiflər heyətinin seçdiyi 50 nəfər qalibə müxtəlif suvenirlər, layihə çərçivəsində dərc olunan “Azərbaycanın sədası” kitabı, medal və şəhadətnamələr təqdim olunub.

“Azərbaycanın sədası" kitabında Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bioqrafiyaları, Azərbaycanın şəhərləri (Bakı, Gəncə, Şamaxı, Lənkəran, Şəki, Şuşa, Laçın, Zəngəzur) və “Azərbacanı kəşf et!” layihəsinin qalibləri barədə məlumatlar yer alıb. Kitabın ideya müəllifi Dr. Sədaqət Əliəşrəf, müəllifləri Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misirdəki koordinatoru Səbinə Sultan və Ain Şəms Universitetinin tibb fakültəsinin tələbəsi Sandi Ənvərdir.

Qeyd edək ki, “Cairo Tower” teleqülləsinın önündə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Xatırladaq ki, “Azərbaycanı kəşf et!” layihəsinə 2000-ci ildən start verilib. Layihənin şərtlərinə əsasən, yerli sakinlər Azərbaycana aid rəsm əsəri, qısa film çəkməli, şeir yazmalı və Azərbaycan dilində Azərbaycan şairinin şeirini ifa etməlidir.

Xəbər lenti