Paytaxtın Əmi Məmmədov adına 101 nömrəli orta məktəbində hər gün səhər saatlarında şagirdlərin Dövlət Himni səsləndirikləri zaman məktəbə sonradan gələn şagirdlər içəri buraxılmırlar.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, şagirdlərin yarısının həyətdə soyuq havada gözləməsi valideynlər tərəfindən narazılığa səbəb olub.
Məsələ ilə bağlı 101 nömrəli tam orta məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, son vaxtlar məktəbdə bir sıra şagirdlərin davamlı gecikmə halları müşahidə edilir, dərsə gecikmə hallarının artması tədris prosesinə, məktəbdaxili nizam-intizama və şagirdlərin keyfiyyətli təhsil almasına mənfi təsir edirdi:
"Qeyd olunan şagirdlərin dərsə davamlı gecikməsinin qarşısının alınması istiqamətində müvafiq profilaktik işlər aparılıb. Bu baxımdan gecikən yuxarı sinif şagirdləri bir müddət dəhlizdə saxlanılıb. Gecikən şagirdlər heç bir halda binadan çöldə saxlanılmır.
Nəticədə məktəbə gecikən şagirdlərin sayında azalma müşahidə olunur. Bu, həm daxili nizam-intizama, həm də tədris prosesinin keyfiyyətinə müsbət təsir göstərir", - deyə məktəbdən bildirib.
Mərcanə Əsədova