Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 7-də inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan vəzifələr üzrə test imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, A növünə aid imtahan yalnız Bakı şəhərində kompüter, B növünə aid olan imtahan isə Bakı və Gəncə şəhərlərində kağız daşıyıcılar vasitəsilə aparılacaq. B növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat bu gün başa çatıb.
A növünə aid imtahanda iştirak etmək üçün qeydiyyat martın 5-i saat 12:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır.