Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Yazıya Türk dünyasının himninə çevrilmiş Bəxtiyar Vahabzadə misraları ilə başladım. Bozqurdlar, Oğuzlar... Dünyaya meydan oxuyan Türkün soykökü, yurdu, əsli dünya qədər qədimdir, tarixidir, zəfərli və qürurludur...
Bəli, Türk dövlətləri hər zaman: əsirdən, qərinədən, ildən asılı olmayaraq var olduğu müddətcə diqqət mərkəzində olub, dünyanı öz gücləriylə lərzəyə salan güclü və əzəmətli bir yurdun sakinləri olmuşlar.
Qəlbi vətən, mənəviyyat, Allah eşqilə döyünən Türklər öz vətən, xalq, qardaşlıq sevdasını daim bəlli edib, uca tutub.
Bugün də ta əzəldən bəri türk dünyasının iki böyük dövlətinin qardaşlığı dünyanı heyrətə gətirir. Ustad şairimizin də dediyi kimi "Bir ananın iki oğlu,
Bir ağacın iki qolu".
Şeirin misraları öz təsdiqini iki dövlətin birliyində tapır. Bunu 44 günlük Vətən müharibəsində gördük. Bizim üçün çətin amma bir o qədər də şərəfli olan Haqq savaşımızda Türkiyənin Prezidenti sayın Rəcəb Tayyib Ərdoğanın mənəvi qardaş dəstəyi unudulmazdır.
Dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə – erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə xalqının və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.
Cənab Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi bu məğlubedilməz qardaşlığı bir daha təsdiqlədi. Qardaşımızın barmağına dəyən daş parçası bizim ürəyimizə dəymiş kimi olur.
06.02.2023-cü il tarixində qardaş Türkiyə ərazisində baş vermiş zəlzələ bəlkə də ən çox Azərbaycan xalqını sarsıtdı. İlk öncə qardaşlarımıza başsağlığı diləyirik. Fəlakət nəticəsində həyatını itirənlərə sonsuz rəhmət, yaralılara isə şəfalar diləyirik. Və Uca Allah əlimizi açıb "Bir daha başımıza faciələr gəlməsin" deyə dualar edirik.
Qardaşlarımızın başına gələn bu hadisəni eşidən kimi, ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə axtarış komandası, daha sonra isə tibbi ləvazimatlar təklifsiz göndərildi. Bunlarla yanaşı Azərbaycan xalqı öz qardaşları üçün səfərbər oldu.Tez bir zamanda ölkənin bir çox bölgələrində, universitetlərində Türkiyəyə yardım kompaniyaları təşkil olundu. Bir gündə Bakıdan və digər bölgələrdən xalqımız əlindən gələni əsirgəmədi, hər kəs qardaş köməyinə əlində olan və imkanı çatan qədər yardımını bağışladı, əsas da ürəklərini.
Təki qardaşlarımız yaxşı olsun, fəlakət Türklərdən uzaq olsun. Dualar, yardımlar bu günlərdə yalnız onlar üçün oldu və hələ də davam edir. Tək maddi cəhətdən yox, mənəvi cəhətdən də edilən yardımlar göz önündədir. Azərbaycan telekanallarında musiqili verilişlərin yayımı dayandırıldı. Bəli, bu dəfə səhərimiz xeyirlə yox dəhşətlə, acı və kədərlə açıldı. Bu dəhşətdən Türk qardaşlarımız qədər sarsıldıq, amma əlimizdən gələni də ardına qoymayaraq yardımımızı, dualarımızı əsirgəmədik. Yazının əvvəlində də bildirdiyim kimi, bu, bizim Qardaşlıq borcumuz idi. Qardaşa olan sevgimizdən günəş doğdu: doğmalarımızın qəlbini isitdi, onları mənəvi dirçəltdi. Allah Türk və müsəlman dünyasının başına bir daha belə fəlakətləri gətirməsin. Sonda onu demək istərdim ki Tanrı Türkə yar olsun.
Yusifli Tehran
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi