İki dost və qardaş ölkə Azərbaycanla Türkiyə tarixin bütün dövrlərində sevincli və kədərli günlərdə bir-birinin yanında olublar.
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycan xalqını da dərindən kədərləndirdi və ölkəmiz qardaş Türkiyənin dərdinə şərik çıxdı. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa çalışdı.
Yardımlar ilk gündən Bakı şəhəri, Babək prospektində toplanmağa başladı. Sonra daha böyük məkanda, Bakı İdman Sarayında yardım kompaniyası davam etdirildi. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın etdilər.
Kimisi gödəkçə, şalvar, əlcək, bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yorğan, döşək, əl fənəri, generator və s. ehtiyac duyulan nə varsa göndərməyə can atdı.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqlarına əsasən Azərbaycanın dövlət və özəl qurumları yardım aksiyalarına qoşuldular. Qısa müddətdə yardım aksiyası böyük bir hərəkata çevrildi.
Prezident İlham Əliyevin bilavasitə tapşırıq və göstərişlərinə əsasən hazırda Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Azərbaycan sona qədər Türkiyənin yanında olacaq.
Heç şübhəsiz ki, İki dost və qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaqlar. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
Ceyhun Məmmədov
Milli Məclisin deputatı