Fevralın 10-da Yardımlı rayon Mərkəzi Kitabxanasında rayon polis şöbəsinin və kitabxananın birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Yardımlı rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Tural Quliyev, Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Şəhriyar Şabiyev, Yardımlı Peşə məktəbinin direktoru Qabil Ağayev, məktəbin müəllim və şagird kollektivi, həmçinin valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yardımlı RPŞ-nin əməkdaşı T.Quliyev narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat xarakterli görüşlərin keçirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, bu sahə ilə bağlı davamlı olaraq profilaktik tədbirlər həyata keçirilir.
Sonra RİHB-nın müavini Əfsanə Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, kitabxananın əməkdaşları Qabil Ağayev, Rahim Səfərov narkomaniyanın acı fəsadlarından danışaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə istiqamətlərində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılması vacibdir.
Əsrin bəlasının yayılmasının əsas səbəblərini təhlil edən tədbir iştirakçıları cəmiyyətin bütün üzvlərini problemin həllində birgə fəaliyyətə, qarşılıqlı əməkdaşlığa çağırıblar. Müasir gəncliyi, xüsusən də onun böyük bir hissəsini təşkil edən tələbələri narkomaniyadan qorumaq məqsədilə profilaktik tədbirlərin, maarifləndirici görüşlərin vacibliyini önə çəkən ekspertlər faktlar əsasında narkomaniyanın cəmiyyətə vurduğu böyük mənəvi zərbəni şərh ediblər, cəmiyyətin mənəvi əsaslarını dağıdan bu bəladan qurtulmaq üçün yeniyetmə və gənclərə zərərli vərdişlərin fəsadları haqqında mütəmadi məlumat verilməsini zəruri sayıblar.