6-7 fevral tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) regionunda antisemitizm ilə mübarizə mövzusunda konfrans keçirilib.
"Tehsil.biz"in məlumatına görə, konfransda Azərbaycan nümayəndə heyətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev təmsil edib.
Üç sessiyadan ibarət olan konfransın açılış mərasimində Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mecacci, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdurahmanov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, ravvin Endryu Beyker, eləcə də videoformatda ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Teresa Ribeyro və Parlament Assambleyasının xüsusi nümayəndəsi, senator Ben Kardin çıxış ediblər.
Müzakirə formatında təşkil olunan sessiyalarda “ATƏT regionunda antisemitizm ilə mübarizə istiqamətində səylərə diqqətin yönəlməsi”, “Antisemitizm ilə bağlı müasir təzahürlər: yeni çağırışlar və onların səmərəli həlli yollar” və “Gələcəyə baxış: süni intellekt dövründə antisemitizmin aradan qaldırılması” mövzularında müzakirələr aparılıb. Qeyd edək ki, bir sıra ATƏT regionu ölkələrindən, o cümlədən ABŞ-dən antisemitizm sahəsində fəaliyyət göstərən qurumların təmsilçilərinin, mütəxəssislərin iştirak etdiyi panel müzakirələrdə Dövlət Komitəsinin nümayəndəsi fəal iştirak edib.
Konfransın bağlanış sessiyasında iştirakçı ölkələrin nümayəndə heyətləri, o cümlədən Azərbaycan bəyanatla çıxış edib. Azərbaycan tərəfinin bəyanatını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman səsləndirib.