Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən yanvarın 9-dan fevralın 10-dək keçirilən təlimlərə respublika 7175 nəzarətçi cəlb edilib.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, nəzarətçilərdən 498 nəfər təlimlərdə iştirak edə bilməyib. Üzrsüz səbəblərdən təlimlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric ediliblər.
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilib. Təlimlərdə açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılıb.
Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14794 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.