"Məktəblinin dostu" layihəsi, "Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti" ictimai birliyinin və Bakı şəhər 317 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində məktəbin 6 və 7-ci sinif şagirdləri arasında ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə yarış keçirilib.
Tehsil.biz xəbər verir ki, Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin baş katibi, Azərbaycan Gənc Müəllimlər Assosasiyası və Gənc Fiziki Tərbiyə Müəllimləri Birliyinin üzvü Mahir Talıbov yarışın mahiyyəti haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə kəndirlə mübarizə idman növünə yeniyetmə və gənclərin marağı günü-gündən artmaqdadır.
Yarışı Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin hakimlər heyəti idarə edib.
Yarışda “Xankəndi” komandası qalib olub. “Zəfər” komandası 2-ci, “Füzuli” komandası isə 3-cü yerdə qərarlaşıb.
Qalib gələn iştirakçılara məktəb rəhbərliyi tərəfindən diplomlar, “Xankəndi “ komandasına isə Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti tərəfindən kubok təqdim edilib.