"Sosial mediada Türkiyəyə yardım üçün müəllimlərin əməkhaqlarından məcburi tutulmaya dair paylaşımlarla bağlı bildiririk ki, bu kampaniya Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən könüllü şəkildə həyata keçirilir".
Tehsil.biz xəbər verir ki, bunu AGMA İctimai Birliyinin İdarə heyətinin sədri Rüfət Əsədzadə bildirib.
Onun sözlərinə görə, AGMA baş vermiş hadisə ilə əlaqədar müəllimlərin çoxsaylı istəklərini nəzərə alaraq qardaş Türkiyəyə yardım məqsədilə ianə kampaniyası başladıb.
"Kampaniya çərçivəsində tamamilə könüllü toplanan vəsait elm və təhsil icması adından aidiyyəti üzrə Türkiyəyə göndəriləcək.
Bir daha nəzərinizə çatdırırıq ki, kampaniyaya qoşulmaq könüllüdür.
Bu istiqamətdə məcburi xarakter daşıyan hallarla bağlı +994512067971 nömrəli "Qaynar xətt" xidmətinə müraciət etməyiniz xahiş olunur", - deyə R.Əsədzadə qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Türkiyəyə yardım üçün müəllimlərin əməkhaqlarından məcburi tutulmaya dair paylaşımlar edilmişdi.
Mərcanə Əsədova