Logo

Şagirdlərin sınaq imtahanında məcbur iştirak etmələri ilə bağlı AÇIQLAMA

16.02.2023 15:40 1102 baxış
IMG

"Elm və Təhsil Nazirliyi yeni pul yığma üsullarından birini də tətbiq edir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert bildirib ki, dostluq, tanışlıq münasibətləri çərçivəsində nazirliyin Regional Təhsil İdarələrinə təyin etdiyi müdirlər bir çox qanunsuz əməllərinə birini də əlavə ediblər: "Regional Təhsil İdarələri Elm və Təhsil Nazirliyindəki havadarlarına arxayın olub hazırlıq kurslarının sınaq imtahanlarını təşkil edirlər və bu zaman məktəb direktorları olan qrupa mesaj yollayırlar ki, hər kəs məcburi olaraq iştirak etməlidir. Hazırda bir neçə Regional Təhsil İdarəsi hazırlıq kursları ilə müqavilə imzalayıb onlara yalnız imtahan keçirmək üçün bina kirayə versə də, qeyri-rəsmi olaraq bütün direktorları məcbur edilirlər ki, şagirdlərin orada iştirakı təmin edilsin".

K.Əsədovun sözlərinə görə, bu qanunsuzluq birbaşa Elm və Təhsil Nazirliyinin tapşırığı ilə baş tutur: "Regional Təhsil İdarələri hazırlıq kurslarında iştirak edənlərin sayına uyğun olaraq onlardan faiz alır. Soruşmaq istəyirəm ki, daha Regional Təhsil İdarələrinin Rayon Təhsil Şöbəsindən nə fərqi oldu? Budur islahat? Pul yığılmasını vahid ələ cəmləmək?"

Təhsil eksperti Dağlıq Şirvan Regional Təhsil İdarəsinin direktorların vatsap qrupuna yolladığı mesajın birini paylaşıb:

"DİREKTORLARIN DİQQƏTİNƏ !!!

Bildiyiniz kimi Dağlıq Şirvan RTİ-nin təşkilatçılığı ilə Şamaxı Hazırlıq Mərkəzi tərəfindən IX və XI siniflər üçün DİM-in proqramına uyğun olaraq sınaq imtahanı keçiriləcək.

İmtahan 18 fevral (altıncı gün) saat 10:00-da keçiriləcək.

Sizlərə sabahdan etibarən kursun nümayəndəsi zəng vuracaq. Siz onlara imtahanda iştirak edəcək IX və XI sinif şagirdlərinin dəqiq adlı siyahısını təqdim edəcəksiniz.

İmtahandan bir gün qabaq siyahıdakı saya uyğun imtahanda iştirak üçün biletləri əldə edərək, (yalnız kağız xərci ödəməklə) sual kitabçalarını və cavab kartlarını kursun nümayəndəsindən təhvil alıb, imtahanı qeyd edilən gündə öz məktəbinizdə keçirərək, həmin günü də cavab kartlarını həmin şəxsə təhvil verəcəksiniz.

Qeyd edim ki, imtahanda bütün şagirdlərin iştirakını təmin etməyiniz zəruridir. Maddi imkanı zəif olan şagirdlər üçün bilet alınmasını təşkil edin.

Bildiririk ki, bu imtahanın keçirilməsində məqsəd DİM-in keçirəcəyi buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə əldə etmələri və sərbəst iştiraklarıdır".

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirildi ki, sözügedən sınaq imtahanlarının təşkilində idarənin heç bir rolu yoxdur: "Sınaq imtahanlarını hazırlıq kursu özü təşkil edir. Normalda həmin imtahanlar kurs tərəfindən 18 manata təşkil olunur. Sadəcə olaraq şagirdlərin buraxılış imtahanlarına hazırlıqlı olmaları və fəal iştirak edə bilmələri üçün sınaq imtahanı bu dəfəlik 5 manata və tam keyfiyyətli formada keçirilir. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin bu imtahanlarla bağlı əlaqəsi yoxdur. Yayılan bildirişlər də idarə tərəfindən göndərilməyib. İdarənin bildirişi yalnız məktəblilərin məlumatlandırılması xarakteri daşıyır. Qeyd edək ki, sınaq imtahanında iştirak tamamilə könüllü şəkildə baş verir, heç bir məcburiyyətdən söhbət gedə bilməz".

Mərcanə Əsədova

Xəbər lenti