Logo

“Təkzib, cavab və düzəlişin verilməsi medianın mədəni davranış formasıdır” – RƏY

17.02.2023 20:45 317 baxış
IMG

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyənləşdirilən qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Mətbuat Şurası bir müddət əvvəl bildirmişdi ki, bəzən şura hansısa media orqanına təkzib verməyi tövsiyə edir. Amma həmin təkzib narazılıq doğuran materialın özündən qat-qat artıq narazılıq yaradır. Ona görə də ki, qanunun effektiv icra mexanizmi mövcud sahədəki problemləri aradan qaldıracaq, ayrı-ayrı şəxslərin spekulyativ yanaşmalarına meydan verməyəcək.

Mövzu ilə bağlı “Report”a danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli söyləyib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər mahiyyəti etibarilə yeni deyil:

“Bu, “Media haqqında” qanunun tələbləridir və qanuna uyğun olaraq digər hüquqi normativ aktlara da müvafiq qaydada əlavə və dəyişikliklər edilir. Həmin qanunda yer alan məqamlar bütün dünyada qəbul olunmuş və tətbiq edilən normalardır. Bununla paralel olaraq Jurnalistlərin Etik Davranış Kodeksində əksini tapan məqamlar hüquqi bir dildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə də yer alıb. Bu, heç bir halda jurnalistlərin fəaliyyətini məhdudlaşdırmır, əksinə onların qanunvericilik çərçivəsində hərəkət etmələri üçün imkanlar yaradır. Eyni zamanda media nümayəndələrinin informasiyanı daha tez əldə etmək imkanlarını genişləndirir”.

“Bəlli olduğu kimi qanun yalnız tərəflərdən sadəcə birinə tətbiq oluna bilməz. İndiki halda jurnalistlərin ünvanladığı suallara vaxtında cavab verməyən, yaxud yayındırıcı cavablar verən və digər bu kimi aspektlərdən medianın fəaliyyətini süni əngəllərlə məhdudlaşdırmağa çalışan müvafiq qurumlara, vəzifəli şəxslərə münasibətdə də qanunun tələblərindən irəli gələn qaydada adekvat davranış ortaya qoyulacaq. Təəssüflər olsun ki, Azərbaycanda bir müddət media müstəvisində hökm sürən xaotik vəziyyət ucbatından bütün dünya mediası üçün prioritet olan anlayışlar az qala medianın hüquqlarının məhdudlaşdırılması kimi təqdim edilib. Bir çoxları isə məhz bu mühitdə daha rahat nəfəs ala bildikləri və özlərinin şantaj xarakterli addımlarını sonuna qədər davam etdirmək, özünü hüquqdan dəfələrlə üstün tutmaq niyyətini həyata keçirmək üçün bəzi məqamları bu kontekstdən təqdim etməyə çalışıblar”, - o bildirib.

E.Mirzəbəyli qeyd edib ki, təkzib, cavab və düzəlişin verilməsi bütün dünyada mədəni davranış forması hesab olunur: “Əslində, peşəkar medianın mahiyyəti özünü bu etik davranışlar çərçivəsində biruzə verir. Bundan kənarda nə varsa, qeyri-peşəkar, yaxud məqsədyönlü, qəsdli davranış tərzidir. Bu gün İnzibati Xətalar Məcəlləsinə təklif olunan və Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklər mediada həyata keçirilən yenilənmə prosesinin, islahat xarakterli addımların tərkib hissəsi kimi qəbul oluna bilər. Nə media, nə media ilə birbaşa ünsiyyətdə olan hansısa qurum xüsusi səlahiyyətlərə malik olmalı deyil. Əgər biz hüquqi dövlət anlayışından danışırıqsa, bu zaman kimsə özünü qanundan üstün tutmamalıdır. Münasibətlər yalnız qanunlar və hüquqi normalar çərçivəsində tənzimlənməlidir. Hüquqi normaların olmadığı və yaxud boşluqların olduğu yerdə isə qaydaları hüquqdankənar digər amillər müəyyənləşdirir ki, bu da neqativ halların ortaya çıxmasına zəmin yaradır”.

Xəbər lenti