Evin kandarından küçəyə doğru iki-üç addım yerimişdim ki, arxa tərəfdən eşidilən cır səsə diksindim: "Brat, ay brat, nə var, nə yox?
Bu, musiqi məktəbində 5 il birlikdə oxuduğum Bəynisənin ortancıl qardaşı Bəybala idi. Hal-əhvaldan sonra üzü bazara tərəf yön aldım.
Bu başdan deyim ki, qəribə bir şakərim var. Evdən çıxmamış mütləq hansısa yazını, məqaləni, xəbəri gözdən keçirməliyəm. Əksi olsa küçədə özümü boş çuval zənn edərəm.
Oxumuşdum ki, bəs Amerikanın Kaliforniya ştatının Livermor adlı balaca şəhərində 110 ildir xarab olmayan işıq lampası var. Hətta bu lampa Ginnesin rekordlar kitabına da düşübmüş. Anidən gözümün önündə blokumuzun xarab lampası canlandı. Əşi, bizim bu lampa heç 10 gün ömür "yaşamır", gələn-gedən müasir toylarımızın diskoteka işığı kimi yazığı yandırır-söndürür. Divardan başıaşağı asılan fağırı bəzən cibinə qoyub aparan da tapılır.
Əlqərəz. Köşkdən aldığım qəzeti qoltuğuma qoyub yolun sağ tərəfindəki "Elektrik mağazası"na daxil oldum.
İçəridə məni iki şəvəsaqqal, enlikürək satıcı qarşıladı. Mağaza müxtəlif rəngli lampaların işığında şah sarayını xatırladırdı. Bir anlıq qarşımda dayanan satıcılar gözümə tarix kitablarından tanıdığım Xosrov şah Baysunqur kimi göründülər. Mən onların önündə yazı-pozu işləri ilə məşğul olan zavallı mirzə kimi dayanmışdım. Bunlara altdan yuxarı baxıb salam mənasında başımı yellədim. Onlar da öz növbəsində və şaqraq səslə: "Salam Aleykum, əxi. Nə kömək edə bilərik? dedilər.
Dəxi bu "əxi" ifadəsinə də dözməyib mağazanı əlim ətəyimdən uzun şəkildə tərk elədim. Onsuz Bəybalanın "brat" ifadəsi ovqatımı təlx eləmişdi, üstəlik də bu "əxi" məsələsi.
Öz-özümə "Əxi, eee üzr istəyirəm, axı mən nə günah qayırmışam ki, hərə bir dildə üstümə hücum çəkir?" deyərək beynimi dələn giley-güzarla üz tutdum evə sarı.
"Vallah adam evinin kandarından bir addım çölə qoymaq istəmir" düşüncəsindən yeni "ayılmışdım" ki, telefonuma köhnə sinif yoldaşımdan sms gəldi: "Abi, axşama vaxtın var?"
Az qala başıma hava gələcəkdi. Bu mərəz nədir axı, yapışıb camaatın dilinə? Telefonu söndürüb kurtkamın ən dərin cibinə qoydum.
Elə bu vaxt məhəllənin yuxarı başından iranlılar demişkən "Əmrikə"dən (Amerika) yenicə gəlmiş sarıbaş Məmmədin səsi eşidildi: "Broooo, üzünü görək"...
Hər dəfə həmin günü xatırlayanda bir "qardaş" deyənimin olmamasına üzülürəm...
Əsgər İsmayılov