Logo

"Mübarək adın, müqəddəs amalınla əbədisən" - BDU tələbəsi yazır

17.02.2023 21:23 360 baxış
IMG

Azərbaycanda aktual olan şüarlardan biri: "Şəhidlər ölməz, Vətən bölünməz!" Hər halda hamımız bunun mənasını yaxşı dərk edə bilirik.

Vətənin varlığı yolunda canını fəda edən doğmalarımız üçün rəhmət oxuyur və beləliklə bacardığımız qədər şəhidləri mənəvi uca tutur, məqalələr, şeirlər, hekayələr yazıb onları sonsuzadək qəlblərdə yaşatmağa çalışırıq. Çünki hamımız bilirik, onlar Vətən uğrunda şəhid oldular, geridə qalan isə ata anaların, qardaş-bacıların, həyat yoldaşları və övladların göz yaşları oldu. 

Lakin bəziləri də var ki, onların dəfn mərasimində ağlayacaq valideynləri belə olmamışdır. Sizə 2 yaşından bəri "SOS uşaq evi"ndə böyümüş Səbuhi Əhmədov haqqında məlumat vermək və onu daha da yaxından tanımanızı istəyirəm. Həmin Səbuhi ki, qardaşının ad gününə sırf Vətənini qorumaq üçün yetişə bilməmişdi. Hansı ki, onun qan bağı olan sadəcə qardaşı, lakin qan bağı olmayan minlərlə ata-anası, qohum qardaşı var idi. Qardaşı Sənan Əhmədovun da dediyi kimi: "Kimi ana, kimisi dost, kimisi qardaş, kimisi ata kimi gəldi. Ən azından qoymadılar ki, qardaşım tək getsin. Çünki həmişə fikirləşirdim ki, o şəhid olsa mən onu tək çiynimdə necə daşıyacağam". 

Səbuhi dəfn olunarkən minlərlə insanın qəlbində yenidən doğuldu. Və inanıram ki, o yalnız bu günün insanının deyil, həmçinin gələcək nəsillərin də qəlbində yaşayacaq və onlara da Vətən sevgisini aşılayacaq. 

Şəhidlər ölməz, onlar sonsuzadək yaşayacaqlar. Və onu da qeyd edim ki, qardaşının dediyi kimi, düzdür, bəlkə də, ata-anamız yoxdur, o demək deyil ki, kimsəsizik, əsas odur Allahımız, dövlətimiz və xalqımız var. 

Səbuhinin məkanı cənnətdir, Allah da şəhidləri sevir, onlara dəyər verir. O Səbuhini heç yatmadığı qədər gözəl yerdə uyudur – cənnətində. Və qəbul edək ki, heç birimizin qəlbi nə bu qədər gözəl deyil, nə də hüzurlu.

Zamanında rahat yata bilmədiyin bütün günlərin əvəzinə hüzur içində yatman diləyilə.., xalqımın mübarək adlı, müqəddəs amallı əbədiyaşar şəhidi.

Aydan Qasımova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti