Logo

Məscidlərdə mərsiyə dedi, teatrda işləməyini qardaşından gizlətdi – Xalq artisti haqqında maraqlı faktlar

17.02.2023 23:50 298 baxış
IMG

Kulis.az aktrisa, qiraətçi, Xalq artisti Əminə Yusifqızı haqqında maraqlı faktları təqdim edir.

Əminə Yusifqardaş qızı Yusifova 24 sentyabr 1936-cı ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. Orta məktəbin yeddinci sinfinə qədər Bakıxanov qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır. Sonrakı illərdə isə ailəsi Sabunçu qəsəbəsinə köçdüyündən təhsilini Sabunçu qəsəbəsində davam etdirir.

***

1961-ci ildə M. F. Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirir.

Aktrisaya ən çox uğur gətirən rolu Səməd Vurğunun eyniadlı poeması əsasında hazırlanan “Komsomol poeması” tamaşasındakı Humay rolu olub. Bu roldan sonra yaradıcı heyət SSRİ-i mükafatına layiq görülüb. Tamaşanın növbəti nümayişi isə Kremldə baş tutub.

***

Aktrisa olmasına qardaşı razı olmayıb. Qardaşından gizlin teatra gedib-gələn aktrisanın anası ona çox dəstək olub, oğlundan Əminənin teatra getməsini uzun müddət gizlədib.

***

İnstitutun birinci kursundan artıq Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan Əminə xanım yenicə ailə qurduğundan azyaşlı uşağını böyütməklə bərabər, həm də karyerasını qurmağa çalışır. Günün on səkkiz saatını işlədiyini deyən aktrisa radio verilişlərinə, teatrda, dublyaj studiyasında çalışmaqla yanaşı, həm də ali təhsilini davam etdirməyə müvəffəq olur.

Ancaq bütün bunlarla yanaşı aktrisa dövlət tərəfindən verilən imtiyazlara çox gec nail olub. İllərlə evi olmayan aktrisa sonralar çox çətinliklə dövlət tərəfindən evlə təmin olunub. O, 46 yaşında Əməkdar artist, 74 yaşında isə Xalq artisti adına layiq görülüb. Bu barədə o, müsahibələrinin birində deyir:

“Camaat bu barədə maraqlanırdı, amma mən bu söhbətləri ürəyimə yaxın buraxmırdım. Mən özümü mərd aparırdım. Həmişə deyirdim ki, eybi yoxdur, bir sağlamlığım, bir də pulum olsun. İş də elə gətirmişdi ki, imkanım yaxşı idi. O vaxtı aktyorlar arasında söhbət gəzirdi ki, Əminənin kassada çoxlu pulları var”.

Əminə xanımın əslən İrandan olan nənəsi molla olub. Dövrün mədrəsə təhsilinə çox yaxşı yiyələnib. Əminə xanım balaca olanda, nənəsi onu özü ilə məscidə, dini məclislərə aparırmış. Belə məclislərdə o da nənəsinə qoşulub mərsiyələr deyirmiş. Boynunda isə nənəsinin ona bağışladığı gümüş qabın içərisində saxladığı “Quran” gəzdirirmiş. Uzun illər bu “Quran”ı özü ilə gəzdirən Əminə xanım, imtahanlara girəndə mütləq Allaha dua edib, Quranı öpüb imtahanlara girirmiş.

***

Aktrisa orta məktəbdə birlikdə oxuduğu sinif yoldaşı ilə sonralar erkən yaşda ailə qurur. Bu evlilikdən onun Səadət adlı bir qız övladı dünyaya gəlir.

***

Ancaq iş elə gətirir ki, onun bu evliliyi sonacan davam etmir. Belə ki, həyat yoldaşının ailəsi Əminə xanıma təzyiq göstərirlər ki, o, aktrisalıq sənətindən uzaqlaşsın. Sənətini çox sevən aktrisa yoldaşına sənəti seçəcəyini deyərək ondan ayrılır. Bu barədə o, deyir:

“Mən incəsənətə görə ailəmdən ayrıldım. Onlar deyirdi, ya səhnə, ya həyat. Mən incəsənəti seçdim. Amma etiraf edirəm ki, ailəmin dağılmasında günah məndə oldu. Yaxşı olardı ki, biz bir yerdə olaq. Elə insandan ayrıldığıma görə həmişə peşman oldum. Ancaq mən sənətimi çox sevirdim. Onunla birlikdə olanda, mən sənəti atdım, teatrdan uzaqlaşdım. Yoldaşım gördü ki, mən sənətsiz yaşaya bilmirdim. Nə yemək yeyirdim, nə su içirdim. Yoldaşım onda mənə dedi ki, sən allah get, yoxsa, sən ayaq üstə öləcəksən”.

Xalq artisti həmçinin ilk avtomobil idarə edən xanım sənətçilərdəndir. Ancaq Əminə xanım bir dəfə yol qəzası törədir və bundan bərk stress keçirib qorxur. Bu barədə xatırlayarkən deyir:

“Azərbaycanda qadınlar arasında avtomobili birinci Flora Kərimova, sonra isə mən idarə etmişəm. O zaman ancaq kişilər maşın sürürdü. Təbii ki, bizə qəribə baxırdılar. Bizdən uzun illər sonra başladı xanımlar maşın sürməyə. Dövlət yol polisi əməkdaşları hörmət edirdi, gecə saat neçə olursa-olsun gətirib qaraja kimi məni yola salırdılar. Bu yaxınlarda qəza törətdim. Mənim səhvimdən baş verdi. Çox pis qorxdum, stress yaşadım. Amma sonra iradəmin köməkliyi ilə özümü ələ aldım. Dedim, sən Əminəsən, möhkəm ol”.

On il Gənc Tamaşaçılar teatrında, on il də Akademik Milli Dram Teatrında işləyən aktrisa hər iki teatrdan özü gedib. Dram teatrından gedişini isə aktrisa belə açıqlayır:

“Orda məni çox incitdilər. Mən o aktyorların qarşısında ki səcdə qılırdım, onlar məni incidirdilər. Mənimlə bir tamaşada iştirak edən aktyorlar iki-üç tamaşadan sonra iştirak etmirdilər. İndi adlarını çəkmək istəmirəm, rəhmətə gediblər. Tamaşalardan sonra məni tərifləyirdilər. Onların da ürəyi götürmürdü. Aktyorlarda belə qısqanclıqlar olur. Amma sonradan onlar hamısı peşman olmuşdular”.

Xəbər lenti