Axı, hər əməldə olmalı bir hədd -
bu, nə bəla idi? - igid qardaşım?
Bu dəfə fəlakət bilmədi sərhəd -
Ağırmış həm sənin, həm mənim daşım.
Beyt Vahid Əzizə məxsusdur. Zəlzələnin vəlvələsi hər sətirdə hiss olunur, sözlər belə insanın içini titrədir, yandırır, acıdır...
6 fevral səhəri. Bu tarix yaa düşəndə insanı elə bir kədər bürüyür ki, sözlə ifadə etmək müşgülə çevrilir.
Yazının ilk sətirbaşında səhər ifadəsi işlətdim. Bax o günü çox acı xəbərlə açdıq, çox. Həmin gün bizim üçün gün doğmadı…
Qardaş ölkə Türkiyədə 7,7 ballıq güclü zəlzələ baş verdi. Təbii fəlakət minlərlə insanın həyatına son qoydu. 100 il ərzində baş verən fəlakətlər arasında ən dağıdıcı idi desəm məncə yanılmaram. Türkiyə “Əsrin fəlakətini” yaşayır. Gözlərimiz önündə. İlahi, özün kömək ol.
Əlbəttə, bu acı xəbər hər bir azəbaycanlını dərindən sarsıtdı, doğrusu məhv elədi. Sevinci sevincimiz, kədəri kədərimiz olan Türkiyəyə dəstək olmaq üçün Azərbaycan xalqı səfərbər oldu. Qardaş ölkəni bu acı gündə yalnız buraxmadıq. Torpağın altındakı zəlzələ torpağın üstündəki gücü, birliyi sarsıtmadı. Elə ilk gündən etibarən xilasedicilərimiz hadisə yerinə yollandılar. Yorulmadan, gecə-gündüz bilmədən operativ və çevik şəkildə çalışırlar.
Paytaxtımızda şaxtalı hava hökm sürməsinə baxmayaraq minlərlə insan qardaşlarımıza yardım üçün müxtəlif ərazilərə toplaşırlar. "Kiçik maşın"ların sükanı arxasında "böyük" ürəkli vətəndaşlarımız görünür. Öz qızı üçün topladığı cehizləri dəstək üçün göndərən kim, gödəkcənin cibinə konfet qoyan kim, qardaş-bacılarımıza məktub yazan kim... Bir sözlə, xalqımız qardaşlarımız üçün bir yumruğ oldu. ”Bir millət iki dövlət” şüarı bir daha öz təsdiqini tapdı.
Artıq bir həftə keçməsinə baxmayaraq hələ də insanların dağıntı altından sağ çıxarılması əsl möcüzədir. Dağıntılar altında Müqəddəs ”Qurani-Kərim”kitabını oxuyaraq sağ qalan insanın,107 saat sonra “İzmir Marşı" oxuyaraq öz səslərini xilasedicilərə duyuran ailə, sadəcə 12 zeytunla saatlarla həyata tutunmağı bacaran insan… Bu, Türk insanıdır. Bu hadisələri eşidib həm duyğulanırıq, həm də çox sevinirik. Düşünürəm ki, ən böyük möcüzə saatlar sonra körpələrin dağıntılar altından sağ çıxarılmaları oldu. Ac-susuz, qaranlıq bir yerdə 2 aylıq körpənin apardığı yaşam mübarizəsi, 140 saat sonra 7 aylıq körpənin sağ çıxarılması ümidimizi daha da artırdı. Dağıntılar altında duyulan hər nəfəs milyonlarla insana təskinlik verir.
Uca Yaradandan ən böyük diləyimiz belə möcüzəvi xəbərlərin çox olmasıdır. Zaman həqiqətən də azdır. Canlar – canlarımız yaşamaq üçün çarpışır.
Tanrı Türk millətini qorusun.
Qoy bu müsibətin sonuncu olsun.
Acı xəbərlərin yalan olsun.
Qan kəsən Tanrının qılıncı olsun.
Bir daha deyirəm: Başın sağ olsun!
Nəzrin Süleymanova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi