Logo

“Karyera məsləhəti xidmətinin təşkili” üzrə intensiv təlim proqramı təşkil edilib

18.02.2023 17:31 379 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə məktəblərində karyera mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması üçün həyata keçirilən tədbirlər çərçivəsində “Karyera məsləhəti xidmətinin təşkili” üzrə intensiv təlim proqramı təşkil edilib.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbirin əsas məqsədi peşə təhsili müəssisələrində fəaliyyət göstərən karyera məsləhətçilərinin bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərə Bakı, Gəncə, Sumqayıt, İsmayıllı, Qəbələ, Bərdə və Cəlilabad üzrə 19 peşə məktəbindən 39 karyera məsləhətçisi cəlb olunub.

İki gün davam edən tədbirdə insan resurslarının idarə olunması sahəsində böyük təcrübəyə malik şəxslər, o cümlədən işəgötürən təşkilatların nümayəndələri tərəfindən “Karyera inkişafında kouçinqin rolu”, “Əmək bazarına inteqrasiya”, “Karyera inkişafının görünməyən tərəfləri”, “Müasir əmək bazarının inkişaf tendensiyaları” və başqa mövzularda təlimlər verilib. Təlimlərdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin nümayəndələri tərəfindən işsiz və işaxtaran şəxslərin qeydiyyat prosedurları haqqında ətraflı məlumat təqdim edilib.

Qeyd edək ki, peşə məktəblərində yaradılan karyera mərkəzləri tələbələri ixtisaslarına müvafiq iş imkanları və karyera perspektivləri barədə istiqamətləndirir, eyni zamanda, onların müasir iş mühiti üçün peşəkar hazırlığına yaxından dəstək olur. Mərkəzlərdə çalışan karyera ekspertləri peşə təhsili öncəsi, təhsil müddətində, habelə təhsilini başa vurmuş məzunlarla əlaqədar olaraq xidmət göstərir.

Xəbər lenti