Məkan Türkiyə, tarix 06.02.2023, saat 04:17...
Hər kəs illərdir onları qoruyan evlərin saniyələr sonra özləri üçün məzar olacağından xəbərsiz şirin yuxuda idi. Ardından binaların yıxılmasıyla birlikdə dağıntılar altında qalan insanların vahiməli səsləri şəhərin sakitliyini pozdu. Sanki insan oğlu bu dünyada od ünvanın cəhənnəmini yaşayırdı...
Bəzi insanlar şanslı olub faciədən xilas olsa da, bir çox insan dağıntılar altında həyatda qalmaq uğrunda mübarizə aparırdı. Sanki 1999-cı ildə İstanbulda baş verən zəlzələ yenidən daha faciəvi şəkildə təkrarlanırdı.
Zəlzələ 17 şəhərdə: Gaziantep, Malatya, Batman, Bingöl, Elazığ, Kilis, Diyarbakır, Mardin, Siirt, Şırnak, Van, Muş, Bitlis, Hakkari, Adana, Osmaniyə, Hatayda qeydə alındı.
Fəlakətin ən dəhşətli mənzərəsi isə 10 şəhərdə Kahramanmaraş, Hatay, Adıyaman, Malatya, Diyarbakır, Gaziantep, Şanlıurfa, Adana, Osmaniyə və Kilisdə yaşandı.
Son məlumatlara görə hələki 24600-dən çox insan vəfat edib, 80000-dən çox insan yaralanıb. Axtarış, xilasetmə işləri davam etdiyindən ölən və yaralıların sayının artacağı istisna olunmur.
Zəlzələ nəticəsində vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Bu faciədən sonra prezident Rəcəb Tayyib Ərdoğan ölkə üzrə 7 günlük matəm elan etdi.
Zəlzələnin nə qədər dağıdıcı olduğunu vurğulamaq üçün xarici elm adamlarından olan professor Carlo Doglioni- İtalya Milli geofizika və Volkanoloji institutunun rəhbərinin dediklərinə nəzər yetirmək istəyirəm: “2016-da İtalyada baş verən zəlzələyə görə 130 qat daha böyük bir enerji var”.
Göründüyü kimi, Türk dünyası bəlkə də əsrinin ən böyük fəlakətini yaşayır. Dünyanın diqqəti bir nöqtəyə zillənib. Dünyanın böyük köçün başladan Türk insanı indi evindən-eşiyindən köçkün, didərgin düşmüş haldadır. Dünya sivilizasiyasına böyük töhfələr verən Türkün indi öz tarixi abidələri, mədəniyyət mərkəzləri dağılmaq üzrədir. Hər zaman dünyaya barış, sülh, nizam-intizam gətirən Türkə indi dünyanın hər yerindən maddi, mənəvi yardımlar gəlir.
Türkiyəyə yardım etmək üçün Azərbaycan başda olmaqla 40-dan çox ölkə səfərbər oldu. Bu günə qədər Azərbaycanlı xilasedicilər dağıntılar altından 51-dən çox insan xilas etdi. Azərbaycanda ölkə üzrə bütün musiqili şou proqramların verilməsi müvəqqəti olaraq dayandırıldı. Həm dövlət, həm də millət olaraq sevincli, kədərili günümüzdə yanımızda olan qardaş Türkiyənin hər zaman yanındayıq. Biz qəlbləri bir döyünən xalqıq.
Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Qardaş Türkiyənin həm maddi, həm də mənəvi cəhətdən hər zaman qeyd-şərtsiz yanındayıq!
Tanrı türkə yar olsun!
Aytac Hacıyeva, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi