Logo

"Ağıllı ürək və ürəkli ağıl" - BDU tələbəsi yazır

19.02.2023 22:26 632 baxış
IMG

Göz qapaqlarımı bağladım və düşündüm: "Mən hansını seçirəm?" Ardınca cavab gəldi, ağıllı olan ürəyimi. Qəlbi seçmək necə də şirin gəlir adama. Həyatının mənası imiş kimi, sanki ən doğrusunu seçib dünyanı qurtarırmışsan kimi. 

Bilmirəm, bəlkə də qəlbimi seçərək xilas edirəm xəyallarımı, ya da əksinə, könlümü üstün tutaraq dağıdıram dünyamı, məhv edirəm varlığımı. 

Doğrusu, məqsədim sevmək də deyil, əksinə ağıllı şəkildə düşünəndə sevilmək daha xoş gəlir ruhuma. Qayğı görmək, hər hansı xoş bir sözlə gülümsəmək, ruhumun nə isə hiss edə bildiyini anlayıb yaşadığımı bədənimlə də hiss edə bilmək.
 
Çox gözəldir, amma sevmək bir başqa gözəl gəlir insana. Bir gülüşə, bir baxışa aldanmaq, bəlkə də, heç kimin vecinə olmayan sözə görə belə günlərlə gülümsəməyə davam etmək, ya da nə bilim, ona nə isə olanda sevdiyini, qəlbinin səni ələ keçirdiyini dərk etmək. 

Bu an ağıl çıxır ortaya, "Dostum, sən nə edirsən?" – deyir. Sonra yenidən sözlərinə davam edir: "Belə getsə dəli olacaqsan. Görmürsənmi məhv edirsən özünü? Gündən-günə daha çox bağlanırsan ona. Bu qayğını, istəyi özünə söyləsən, göstərsən daha gözəl olmazmı, əzizim?"

Susdurursan beynini, susdurduğunu sanırsan. Amma özün də bilirsən: beynin savaşçıdır; qəlbinsə sənin daxili aləmindəki qalibiyyətini əldən vermək istəmir. Varlığın daim bir mübarizə içərisindədir. 

Ardınca bir sual yönləndirərək: "Söyləsənə, buna görəmi bu qədər yorğunam?" deyərsən öz-özünə.
 
Və o anda baxmayaraq ki, bir-birlərinə zidd iki qüvvədirlər, yenə də eyni cavabı verərlər: "Buna görə yorğunsan. Buna görə hissizləşmisən. Buna görə uzaqlaşırsan insanlardan. Buna görə də məhv olursan, ey insan!"

Və artıq bir deyil, iki düşmənin olar. Özünə zərər verdiyin üçün, qəlbinlə və zehninlə bunu qəbul etdiyin üçün, artıq 2 düşmənin var. 

Öz-özünə qənim kəsilərsən, günahkarın sən olduğunu bilərsən. Çarəni sonda sənətdə taparsan. Yazarsan, pozarsan, yaradarsan və ən acınacaqlısı, bunu edərkən artıq ağıllı qəlbinlə yaşayacağını, yola onunla davam edəcəyini sanarsan. Sonra bir rəsm xatırladar olanları, bəzən yazdığın bir söz, ya da nə bilim hər hansı bir musiqi xatirəsi olan yaxud onu xatırladan. 

O an deyərsən ki "Yenəmi qəlbim, yenəmi sənsən qalib gələn?" Halbuki onun qalib olmasının səbəbkarı da elə sən özünsən. Və bəli, yenə də qəlbi seçmiş olarsan. Amma, əfsuslar olsun ki, bu qəlb ağıllı deyil, əksinə olduqca axmaqdır. 

Lakin mən buna görə seçmirəm qəlbimi. Mənə bir insana qarşı deyil də, daha çox sənətə olan sevgi xeyir gətirdi. Məhz buna görə deyirəm, ağıllı olan qəlbimi seçirəm deyə. 

Və son olaraq demək istəyərdim ki, qəlbim ağıllı deyil, bu sadəcə mənim bacara bilmədiyim və bəlkə də, daha iradəli olsam seçəcəyim tərəfimdir.

Bir gün ağıllı olan qəlbimlə yaşamaq diləklərimlə yoluma davam edirəm... Ağlım və ürəyim, inanın mənə, ikinizi də çox sevirəm...

Aydan Qasımova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti