Gənc dizaynerlər üçün təşkil olunan "DO! - Dizayner Ol!" layihəsinin birinci mərhələsi yekunlaşıb.
Tehsil.biz xəbər verir ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə baş tutan layihə çərçivəsində təlimlər və öyrənmə səfərləri təşkil edilib.
Gəncə şəhərində təşkil olunan layihə çərçivəsində seçilmiş 15 gəncə təlimçi Fəxrəddin Əli tərəfindən "Dizayner peşəsi üzrə təhsil və təcrübə imkanları", "Frilans və əyani iş imkanları", "Dizayn işi zamanı istifadə oluna biləcək resurslar və trendlər", "Dizayner portfelinin yaradılması" kimi mövzular əsasında 6 gün ərzində təlimlər, praktik məşğələlər təşkil olunub.
Gənclər təlim sessiyasından əlavə olaraq universitetin müəllimləri Mobil Qarayev və Razil Mirzəzadənin bələdçiliyi ilə dizaynın müvafiq sahələri üzrə öyrənmə səfərlərində iştirak ediblər.
Qeyd edək ki, "DO! - Dizayner Ol!" Azərbaycan Texnologiya Universitetinin Dizayn ixtisasının 3-cü kurs tələbəsi Anaxanım Rzazadənin Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" adlı fərdi qrant müsabiqəsində qalib olmuş layihəsidir.
Layihənin əsas məqsədi region gənclərini dizayn peşəsinin inkişaf perspektivləri və karyera imkanları barədə maarifləndirmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.