"Orta məktəbdə din tədrisi dedikdə hansısa bir dinin tədrisi nəzərdə tutulmur. Söhbət təhsil müəssisələrində ümumi dinlər barədə məlumatın verilməsindən gedir".
Tehsil.biz xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, orta məktəblərdə mütləq bu bilgilər ötürülməlidir:
"Biz artıq bu prosesdə gecikirik. Məsələ ilə bağlı daha öncə addımlar atılmalı idi. Biz bunu etmədikcə zərərli ideologiya ilə zəhərlənən gənclərimizin sayı durmadan artacaq".
Deputat qeyd edib ki, hazırda bu, "Həyat bilgisi" dərsliyi çərçivəsində müəyyən qədər aşılanır, amma yetərli deyil:
"Əgər istəyiriksə, gənclərimiz bizim dəyərlərimizə sahib çıxsınlar, zərərli vərdişlərdən özlərini qorumağı bacarsınlar, o zaman məktəblərdə mütləq bu proseslərə başlamalıyıq. Dinin mahiyyəti, dinin yaranma səbəbi barədə məlumat verilməlidir ki, sonra hansısa gəncə dini təbliğat aparıldıqda, onu bir dini təşkilata cəlb etmək istədikdə, müəyyən qədər məlumatı olsun, belə bir zərərli ideologiyanın qurbanına çevirilməsin".
Mərcanə Əsədova