Peşə Təhsili Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ), BMT-nin İnkişafı Proqramı Azərbaycanda peşə təhsili üzrə səriştəli kadrların yetişdirilməsinə dəstək məqsədilə təlim proqramı həyata keçirib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, “Peşə təhsilində liderlik və idarəetmə” proqramının məqsədi peşə təhsil müəssisələrinin idarəetmə heyətində çalışan kadrları müəssisənin fəaliyyətinin strateji cəhətdən planlaşdırılması, liderlik, təlim prosesi və daxili nizam-intizam qaydalarının təşkili və s. istiqamətlərində məlumatlandırmaqdır
Təlim proqramına Ağstafa, Bakı, Gəncə, Göygöl, Xaçmaz, Kürdəmir, Qax, Mingəçevir, Naftalan, Siyəzən, Şirvan şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssisələrində çalışan direktor və direktor müavinləri qatılıb. 60 saatlıq təlim proqramının sonunda təlimləri uğurla başa vuran 15 iştirakçı sertifikatla təltif edilib. Qeyd edək ki, bu iştirakçıların daha sonra sözügedən proqramdan əldə etdikləri səmərəli təcrübələri çalışdıqları tədris müəssisələrində tətbiq etməsi gözlənilir.
Təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi tərəfindən həyata keçirilib.