Logo

Polis rəisi oğlunu güllələdilər, ayaq üstə can verdi, Fəxri Xiyabana qoymadılar - Həsənağa Turabovun həyat faciəs

23.02.2023 23:28 322 baxış
IMG

Bu gün Xalq artisti Həsənağa Turabovun anım günüdür. Kulis.az aktyor haqqında maraqlı faktları təqdim edir.

Həsənağa Səttar oğlu Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbdə təhsil alıb. Evləri dram teatrının yanında yerləşdiyi üçün Həsən uşaqlıqdan teatrla maraqlanıb. Atasının etirazlarına baxmayaraq o, orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Adil İsgəndərovun köməyi ilə Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.

***

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında "Orman qızı"nda Vahid "Kəndçi qızı", Azər "Yaxşı adam", Hamlet "Hamlet", Lionel, "Ölülər"də İsgəndər, "Xəyyam"da Xəyyam xüsusilə seçilir.

1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülür.

***

Kinoda da bir-birindən maraqlı obrazlar yaradan aktyorun ən uğurlu rollarından biri də "Babək" filmindəki Afşin roludur. Həsən Turabovun “Yeddi oğul istərəm”, "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək… Ürək…", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.

***

Aktyor "Qanlı zəmi" (“Atları yəhərləyin”) filminin isə rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olub.

1987–2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulub.

***

Məktəb illərində Solmaz adlı qızı sevir, sonralar bu sevgi daha da güclənir. Lakin, Turabovun həm aktyor, həm də bakılı olması bu sevdaya mane olur. Qızın əslən şuşalı və Qasım bəy Zakirin nəticəsi olan anasının Turabov xoşuna gəlmir. Uzun çək-çevirdən sonra onlar nişanlanır. Lakin, sonradan Solmazı başqa adama ərə vermək istəyirlər. Solmaz xanım heç kimə heç nə demədən Həsən Turabova qoşulub nikah idarəsinə gedir. Onlar özlərinə yüngülvari toy da edirlər. Daşqın, Yalçın və Sevin adlı övladları dünyaya gəlir.

***

Aktyor böyük oğlu Daşqının polis olmasını istəmir. Ancaq onu fikrindən yayındıra da bilmir. 1997-ci ildə Siyəzəndə xidmət edən Daşqın 8 mart günü ailəsinin yanına gəlir, bacısı ilə görüşəndə ona deyir ki, istəyirəm, rayona getməyim, bir neçə gün Bakıda qalım. Amma sonra fikrini dəyişir və gedir. Martın 10-da əməliyyat zamanı cinayətkarın açdığı atəşdən vəfat edir.

Daşqın vurulanda Həsən müəllimə xəbər çatır. O, inanmır. “Necə yəni Daşqını vurublar, axı onunla təzəcə danışmışam”, deyir.

Qızı Sevinc xanım müsahibələrinin birində deyir:

“Bizə Siyəzəndən zəng vuranda dedilər, yaralıdı, həkim gətirin. Atam burdakı dostlarına xəbər verib qapıdan çıxmaq istəyəndə zəng gəldi ki, Daşqın artıq keçinib. Atam oğlundan sonra yaşamaq istəmirdi. Dərmanlarını da atmırdı. Yalandan deyirdi ki, özümü yaxşı hiss edirəm. O, nə yaşadısa, bizim sayəmizdə məcburən yaşadı. Evdə də qardaşımın şəklini divara vurmuşdu. Bəzən işdən gələndən sonra saatlarla əyləşib onun şəklinə baxırdı. Ürəyinə görə atamın ayaq damarlarında əməliyyat aparmışdılar. Bir gün ayaqlarını açıb mənə göstərdi, dedi, Sevinc bax, ayaqlarım yavaş-yavaş sağalır. Səhəri gün anamla televizora baxdı, xeyli dincəldi. Sonra gəldi otağa məndən soruşdu ki, Daşqın hanı? Bunu deyəndən sonra ürəyi tutdu, elə ayaq üstəcə divara söykəli keçindi. Eyni ilə “Yeddi oğul istərəm” filmindəki Gəray bəy kimi keçindi. Biz bilmədik, o, oğlu Daşqını çağırırdı, yoxsa nəvəsini”.

***

Oğlunun ölümünə qədər səhhətindən şikayətçi olmayan aktyor sonradan ciddi xəstəliklərlə üz-üzə qalır. Ürəyi zəifləyir, şəkər xəstəliyindən əziyyət çəkir. O, teatrdakı bütün rollarından imtina edir. Hər gün ailəsindən xəbərsiz gizlin-gizlin Daşqınının qəbrini ziyarət edir. Dünyasını dəyişməzdən əvvəl dəfələrlə ailə üzvlərinə və dostlarına vəsiyyət edir: Mənə nəsə olsa, oğlum Daşqının sol tərəfində dəfn edin.

Ömrünün son günlərində teatrşünas İlham Rəhimli ilə söhbət edərkən ona deyir:
“İlham, inan mənə, sənin canın üçün, hər şeydən usanmışam, oğlum Daşqının yanına getmək istəyirəm...”

***

Oğlu həlak olandan sonra qızı Sevinc yeni doğulan oğluna qardaşı Daşqının adını qoyur və həyat yoldaşının razılığı ilə oğlunu Turabov soyadı ilə yazdırır. Həsən Turabov isə buna razı olmur. Deyir, ölmüş adamın adını qoymayın, düşər düşməzi olar. Lakin, Sevinc inad edir və arzusunu həyata keçirir. O, müsahibələrinin birində deyir:
“Oğlum, uşaq vaxtı çox dəcəl idi. Onu bir, iki dəfə vurdum, Daşqın yuxuma girdi. Ondan sonra vurmadım. Atam da deyirdi, ki, ona toxunma. Sən ona toxunanda Daşqın yadıma düşür”.

***

Ən böyük arzusu Qacar rolunu ifa etmək olub. Bu rol üçün də hazırlaşırmış. Ancaq ard-arda baş verən hadisələr onu sənətdən soyudur. Qacarı ifa etməkdən imtina edir.

Özünün ən çox sevdiyi obraz “Yeddi oğul istərəm” filmindəki Gəray bəy olub. Həmin filmin sonluğunda ssenariyə görə Gəray bəyi Bəxtiyar öldürməliydi. Aktyor rejissora deyir ki, bəyi komsomol vurmamalıdır, o, özünü vursa, daha yaxşı alınar. Çəkiliş heyəti də onunla razılaşır.

***

2003-cü ildə aktyor ürəyindən əməliyyat olur, lakin, vəziyyəti yaxşılaşmaqdan daha da pisləşir O, 2003-cü ildə fevralın 23-də dünyasını dəyişir. "Qurd qapısı" qəbiristanlığında dəfn olunur.

***

Aktyor vəfat edəndə sənət dostları, rəsmi qurumlar onun harada dəfn olunması haqqında müzakirələr aparırlar. Fəxr xiyaban təklifi səslənəndə aktyorun qardaşı Aydının cingiltili səsi hamını titrədir: “Daşqının yanında! Qurtardıq...”

Xəbər lenti