Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən Salyan rayonunda "Peşə seçimi və karyera inkişafına dəstək" layihəsinin növbəti təlimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Salyan Gənclər və İdman İdarəsinin nümayəndəsi Əlişir Əliyev, Salyan RİH-in yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Gülşən Ağayeva, GİKM-in Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva, layihənin təlimçisi Rafət Şirəliyev, rayondan olan 46 yeniyetmə və gənc iştirak edib.
Tədbirin əvvəlində iştirakçılara məlumatlandırıcı bukletlər paylanıb.
Daha sonra çıxış edən layihə rəhbəri Ülvi Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Həmçinin çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmiş və iştirak edən digər qonaqlar keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.
Çıxışlardan sonra peşəkar təlimçi R.Şirəliyev tərəfindən əsas mövzu kimi, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili, işə müraciət qaydaları və təhlili və karyerada peşələr və ixtisaslar və s. mövzularında olan təlimlərə start verilib.
Qeyd edirik ki, layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarında) peşə təhsilinə marağın artırılması ilə bacarıqlı gənclərin ixtisaslı peşələrə yiyələnməsini təmin etmək və bu yolla ixtisaslı işçilərin formalaşmasına, işsizliyin azaldılmasına nail olmaqdır.
Sonda iştirakçılara təlimlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.