Logo

Komandamız Avropa üzrə Qlobal Aşpazlar Müsabiqəsində ilk medallarını qazanıb - FOTO

26.02.2023 00:30 577 baxış
IMG

Yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək üç bürünc medal qazanıb.

"Tehsil.biz"in məlumatına görə, azərbaycanlı aşpazlar Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin (“Worldchefs”) təşkil etdiyi dünya miqyaslı yarışmanın Avropa üzrə yarımfinalının ilk günündə bütün kateqoriyalar üzrə fərqlənməyi bacarıblar.

Azərbaycan Milli Kulinariya komandası İtaliyanın Rimini şəhərində keçirilən “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Dövlət Turizm Agentliyinin dəstəyi ilə iştirak edir. Azərbaycanlı aşpazlar yarışmada dörd kateqoriya üzrə çıxış edirlər. Baş aşpaz Sərxan Məmmədov və köməkçi aşpaz Abdulla Abdullayev “Qlobal usta aşpazlar müsabiqəsi” kateqoriyasında bürünc medal, Baş qənnadçı Gülnar Rəsulova və köməkçi Zinyət Axundova “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” kateqoriyasında, Baş aşpaz Nicat Babayev və köməkçi Leyla Vəliyeva isə “Qlobal veqan aşpaz” kateqoriyası üzrə yarışmada bürünc medal əldə ediblər.

Bu qələbələr Azərbaycan komandasının üzvlərinə gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” tədbirinin final mərhələsinə vəsiqə qazandırıb.

Rimini Ekspo Mərkəzində keçirilən “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə Xorvatiya, Belçika, Macarıstan, Kipr, Rumıniya, Latviya, Almaniya, Serbiya, Estoniya, Portuqaliya, Sloveniya, İspaniya, Lüksemburq və digər ölkələrdən komandalar iştirak edir. Tədbir məkanında Dövlət Turizm Agentliyi tərəfindən “Qarabağ, Şuşa” mövzusunda milli turizm brendinə əsasən destinasiya məlumat stendi quraşdırılıb.

Azərbaycan Turizm Bürosunun Qastronomiya turizminin idarəedilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirir ki, “Avropa Qran Prisi 2023” uğrunda yarışan milli komanda üzvlərinin seçimi Worldchefs-in assosiativ üzvü Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) və CASA Kulinariya Sənətləri Məktəbinin məzunlarının köməyilə aparılıb. 2023-cü il ərzində Milli Kulinariya komandasının üzvləri daha bir neçə beynəlxalq yarışmada bacarıqlarını nümayiş etdirəcəklər.

Xəbər lenti